Xəbərlər 08.07.2025 14:27 21

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir - FOTOLAR / VİDEO

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyası öz işinə başlayıb. BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi sessiya iki gün davam edəcək.

QHT.az xəbər verir ki, iİyulun 8-də BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının rəsmi açılış mərasimi olub.

BMMT-nin himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə çıxış edib. Sessiya iştirakçılarını salamlayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən ölkəmizin son illər bir çox beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, BMMT-nin İcraiyyə Şurasının sessiyasının belə mötəbər tədbirlərdən olduğunu qeyd edib.

Nazir ölkəmizin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirirək, Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəlakətlərlə mübarizədə qlobal və əlaqələndirilmiş fəaliyyətin təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Ölkəmizdə son illər fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verən nazir Kəmaləddin Heydərov sessiyanın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının prezidenti, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkov və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın əhəmiyyətindən və qarşısında duran məsələlərdən danışıblar.

Daha sonra İcraiyyə Şurasının 57-ci sessiyasının qərarlarının icrasına baxış və Baş katibin səlahiyyətlərini icra edən Roman Lapinin sessiyalararası dövrdə BMMT-nin fəaliyyəti haqqında hesabatı dinlənilib.

Qeyd edək ki, iyulun 9-na kimi davam edəcək BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasında ümumilikdə təşkilatın maliyyə və inzibati hesabatlarının, İnkişaf Strategiyasının təqdimatı əsasında ortamüddətli inkişaf prioritetləri, məqsədləri və fəaliyyət sahələrinin, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün tədbirlər planının müzakirəsinin aparılması, müvafiq qərarların qəbul olunması, o cümlədən 2027-ci il Ümumdünya Mülki Müdafiə Gününün mövzusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı