Xəbərlər 25.09.2023 11:43 2548

“Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə uğurla başa çatıb - FOTOLAR

Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə uğurla başa çatmışdır. Sözügedən layihənin əsas məqsədi sənətkarlıq ilə məşğul olan və bu sahəyə marağı olan şəxslərin peşəkar bacarıqlarının artırılmasına, onlar arasında sosial sahibkarlığın təşviqinə, sənətkarlıq üzrə regionlarda sahibkarların sayının artırılmasına və onların fəaliyyətinin inkişafına dəstək olmaqdır.
 

Cari ilin iyul ayında start götürmüş layihənin yekun tədbiri 22 sentyabr tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində fəaliyyət göstərən Bakı KOB evində keçirilmişdir. Tədbir layihə iştirakçılarının, sənətkarlıq sahəsinin mütəxəssisləri və sahibkarların iştirak etdiyi dəyirmi masa formatlı müzakirələr və yeni sənətkarların sərgisindən ibarət olmuşdur. 
 

Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihənin məqsəd və vəzifələrindən ətraflı bəhs etmişdir. Sonra O, layihə çərçivəsində Lənkəran və Şəki şəhərlərində fəaliyyət göstərən sənətkarlar ilə birlikdə təşkil olunmuş görüşlər və aparılmış müzakirələrdən, onların mövcud peşəkar bacarıqları və fəaliyyətinin cari vəziyyəti, qarşılaşdıqları çətinliklər və təklifləri haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, Bakı və regionlarda fəaliyyət göstərən sənətkarların bir-birləri ilə qarşılıqlı əlaqələrin inkişafına səy göstərilməlidir. Həmçinin vurğulanmışdır ki, məhsul satışının artırılmasında və sosial sahibkarlığın inkişafında dövlətin təqdim etdiyi dəstək alətlərindən, ictimai birliyin və sənətkarların imkanlarından faydalanmaq və milli mədəni irsin və sənətkarlığın qorunması və inkişaf etdirilməsində birgə çalışmaq lazımdır. 
 

Müzakirələrdə KOBİA-nın KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov da iştirak etmişdir. O, tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən və KOBİA-nın kiçik və orta miqyaslı sahibkarlara təklif etdiyi xidmətlər və imkanlar barədə ətraflı məlumat vermişdir. O, sənətkarlıq sahəsində sahibkarların inkişafının vacib olduğunu qeyd etmiş və KOBİA-nın bu sahəyə diqqət ayırdığını söyləmişdir. Sonra Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədr müavini Telman Məlikzadə çıxış etmişdir. O, layihənin əhəmiyyətindən danışmış və sənətkarların inkişafı üçün çox vacib və faydalı platforma olduğunu qeyd etmişdir. T.Məlikzadə Federasiyanın fəaliyyəti barədə məlumat verdi və əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib, bu cür layihələrin davamlı olmasını arzuladı. 
Müzakirələr layihənin mentoru Arif Nəcimovun çıxışı ilə davam etdi. O, Lənkəran və Şəki şəhərlərində keçirilmiş tədbirlərdə müzakirələr zamanı müəyyən edilmiş çatışmamazlıqlar, onların həlli yolları və gələcəkdə ictimai birliyin təşəbbüsü ilə sənətkarların təşkilatlanması barədə çıxış etdi. Onun sözlərinə görə sənətkarların birgə fəaliyyəti, cəmiyyət çərçivəsində birləşməsi və təqdim edilən imkanlardan faydalanması sənətkarlar arasında sosial sahibkarlığın inkişafına ciddi töhfələr verəcəkdir. 


Sonra çıxış üçün söz “Leyla Xazari” Rəsm Qalereyasının təsisçisi və rəhbəri Leyla Xazariyə, tanınmış sənətkarlara və digər qonaqlara verildi. Tədbir çərçivəsində keçirilən dəyirmi masada maraqlı fikirlər paylaşıldı və layihənin işçi qrupu tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Tədbir sənətkarların əl işlərindən ibarət sərgi ilə yekunlaşmışdır. Sərgidə Azərbaycan xalq sənət növlərinin, xüsusilə qurama, misgər, təkalduz, zərgar, intarsiya və başqa sənətkarlıq nümunələri və işləri tədbir iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanmışdır. 
 

Bununla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sənətkarlıqdan sosial sahibkarlığa” adlı layihə uğurla başa çatmışdır.
 

Təşkilatın fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: www.facebook.com/amiss.achci.azerbaijan


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı