116 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb
2023–2024-cü tədris ilində əlavə olaraq 116 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 232 sinif olmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir.
Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur.