Xəbərlər 03.04.2023 16:12 4331

“O, poeziyası ilə hər zaman sirli qaranlıqları aydınladıb” – Zakir Fəxriyə yubiley təbrikləri

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrin biri, orijinal poetik mətnlərin müəllifi Zakir Fəxrinin 75 yaşı tamam olur. Azərbaycan poeziyasında “Qalmaz belə, qalmaz dünya”, “Çiynimdə tabut gəzirəm”, “Dünya, qayıt dünyamıza”, “Ana, qaytar məni beşiyə”, “Qara torpaq muğayat ol anamdan” və s. kimi bənzərsiz şeirlərin müəllifi olan Zakir Fəxri ömrünün 50 ildən də çox hissəsini ədəbiyyata həsr edib.

 "Xatirə çiçəyi", "Bir ömrün tarixi", "Yaza və yoza bilmədiyim yuxu", "Qara Məlik, Qara Qəzənfər və mən", "Qalmaz belə, qalmaz dünya", "Rekviyem", "Qaranlıqdan aydınlığa", "Bəşəri poeziya" irihəcmli kitabların müəllifidir.

 “Vilyam Bleyk, Con Kits, Henri Lonqfello, Edqar Po, Uolt Uitmen, Ro- bert Frost, Allen Ginzberq, Pol Verlen, Artur Rembo, Rober Desnos, Qarsia Lorka, Vilyam Batler, Derek Uolkott, Çeslav Miloş, Oktavio Pas, Georq Geym, Riçard Brotiqan, Vislava Simborska, Emili Dikinson, Ezra Paund və s. kimi dünya şairlərinin əsərlərini dilimizə tərcümə edib.

Azərbaycanın görkəmli ziyalıları, ictimai-siyasi xadimləri Moderator.az vasitəsilə Zakir Fəxriyə yubiley təbriklərini çatdırıblar. Həmin ürək sözlərini oxuculara təqdim edirik:

 

Rafiq Əliyev (Dünya çapında tanınan alim, professor Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyasının prezidenti)

 

 

 

“Zakir Fəxri yaşadığımız dünyanın min sifətini, fələyin və həyatın zərbələrini görüb katarsisdən keçib durulmuş bir şəxsiyyətdir”

 

 

 

“Hər bir millət özünü dünyaya tanıtmağa borcludur. Milləti “ura”–patriotları yox, seçilmişlər tanıdır. Onlar həm milli dəyərləri, həm də ümumibəşəri dəyərləri yaşadır. Millətimizin belə seçilmişlərindən biri fərqli şairimiz, sevimli şairimiz Zakir Fəxridir.

 

 

 

Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən, belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardır. Öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran insan kimi Zakir Fəxri də məhz bu cür hörmətə layiq olan ləyaqətli şəxsiyyətdir. Onun kövrək səsi ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan əskik olmur. Zakir Fəxrinin keçdiyi hamar olmayan, lakin çox mənalı həyat yolu, onu əsl ziyalı, poeziya fədaisi, yüksək ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

 

Zakir Fəxri yaşadığımız dünyanın min sifətini, fələyin və həyatın zərbələrini görüb katarsisdən keçib durulmuş bir şəxsiyyətdir.

 

Zakir Fəxrini bir şair kimi səciyyələndirən əsas cəhət onun yaradıcılığının geniş spektrli olmasıdır. Onun poeziyasında səmimi, kövrək, lirik hisslərlə ictimai-siyasi kəskinlik bir vəhdətdədir. Deyərdim ki, onun poeziyası ruh poeziyasıdır.

 

 Zakir Fəxrinin bütöv yaradıcılığında böyük bir prospekt var. Zakir zirvəsinə aparan qəm, kədər prospekti. Bu prospekt hamar olmadı, gül-çiçək səpələnmiş olmadı, amma o zirvəyə apardı.

 

Biz Yer adlı bir gəminin içindəyik. Gəminin içində bir huzursuzluq, nizamsızlıq var. Təbiətin ilahi düzəninə uyarlılıq itmişdir. Adəmdən bu yana cinayət, fitnə, şər, yalan üzərində olan qarşıdurmalarda İblisin dəst-xətti görünməkdədir. Dünyanın mənəvi entropiyası yüksəlməkdədir, heç vaxt bəşəriyyət Apokalipsisə bu qədər yaxın olmamışdır. Bir əsl vətəndaş kimi dostum, qardaşım Zakir Fəxrinin bu prospektdəki ömür yolu gül-çiçək içərisində qoyulmuş çarpayıda keçilən ömür yolu olmadı. Bir vaxtlar bu prospektdə o “çiynində tabut”la addımladı.

Əzizim Zakir, mənə tez-tez belə bir sual verirlər. Xoşbəxtlik nədir? Bu həyat fəlsəfəsinin əbədi əzəli sualıdır. Onun cavabı belədir: mütləq xoşbəxtlik yoxdur. Xoşbəxtlik çoxatributlu bir anlayışdır. Bir atribut üzrə tapıntım olanda, o birisi üzrə itkim olur. Bu düstur əbədi bir yaşam düsturudur.

 

Yaradıcılığına, insanlığına dərin sayğı bəslədiyim əziz dostum şair Zakir Fəxri, axı belə demişdin: “Qalmaz belə, qalmaz dünya”. Kaş ki, qalmasın”.

 

Cavid Qurbanov – (Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini)

 

 

 

“Zakiri hər adam başa düşə bilməz. Onun qəlbindəki ağrını, acını duymaq çox çətindi”

 

Zakir bu dünyanın adamıdırmı? Bu sualı dəfələrcə özümə vermişəm. Mənə elə gəlir ki, yox! Bəs hansı dünyanın adamıdır?!

 

Onun öz dünyası var, desəm ki, bilmirəm o dünya necədi, yalan deyərəm. Bilmirəm...

 

Təkcə onu bilirəm ki, onun dünyası gözəldi, işıqlıdı, məsumdu...

 

Zakir adam? Zakir şair? - Hansı mənim üçün daha doğmadı?

 

Bir gün Adil Şükürov dedi ki, Zakir rəhmətlik Şahlara şeir həsr edibdir. Onu sənə oxumaq istəyirəm. Oxudu. Və mən dedim dəvət et. O gündən bizim dostluğumuz başladı.

 

Zakiri hər adam başa düşə bilməz. Onun qəlbindəki ağrını, acını duymaq çox çətindi.

 

Qara gözlərində gizlənən ağrıları bilmək üçün gərək, Qəzalini, Mənsur Həllacı və İsa Məsihi bilmək, ən azından, tanımaq lazımdır.

 

Onları bilmək çox çətindi, ona görə deyirəm, tanıyasan gərək...

 

Sənin haqqında çox şey yazaram, Zakir. Amma sən özün dediyin kimi, qalmaz belə dünya....

 

Amma mən deyirəm ki, Zakir Fəxri qalar!

 

Bir mərd kişi kimi!

 

Bir vətənpərvər oğul kimi!

 

Bir dostpərvər dost kimi!

 

Bir sufi şair kimi!

 

 

 

Çox yaşa, Qardaş! Doğum günün mübarək olsun!

 

Dəyərli 75 yaşın mübarək. Mən səni sevirəm. Allahın qanadı üstündə olsun!

 

Qulu Məhərrəmli (Professor, tanınmış media eksperti)

 

 

 

“Zakir Fəxri adi insan zəkasının nüfuz edə bilmədiyi qapalı dünyalarda qalmış arfaları oyadaraq səsləndirib”

 

 

 

Poeziyanın sirli havası insanlarda belə bir qənaət formalaşdırıb ki, şair deyilən kəs ancaq romantik bir gənc olmalıdır. Ona görə də bizlər sevdiyimiz şairləri həmişə Lorka, Lermontov, Yesenin, Müşfiq yaşında təsəvvür edirik. Bu mənada ləngərli bir yerişlə 70-i adlayıb keçsə də sevilən bir şair kimi Zakir Fəxri təsəvvürlərdə hələ də 30 yaşına çatmamış çılğın bir oğlan kimi qalıb. Və əslində bu təsəvvürlərin real əsası da var, çünki Z.Fəxri bu yaşda da gənclik eşqi ilə yaşayır, səsi-sözü, xəyalları yenə göylərdədir, ruhu yenə də qanadlanaraq dünyanı dolaşır, ilham pərisi ilə yenə sövdələşməkdə, yenə bir-birindən gözəl və könüloxşayan şeirlər yazmaqdadır.

 

 

 

Əlbəttə, insan ömrünün bir karvan kimi keçməsini, yəni bioloji yaşı, ağaran saçları, illərin insan taleyində cızdığı izləri nəzərə almamaq mümkün deyil. Amma canı könül rübabında olan söz adamları üçün bioloji yaş şərtidir. Bu mənada Azərbaycan şeirində “Qalmaz belə, qalmaz dünya...” , “Rekviyem”, “Çiynimdə tabut gəzirəm”, “Axirət” kimi poetik incilər yaratmış Zakir Fəxri kimi böyük şair üçün də yaş məsələsi yalnız təqvim hadisəsidir. Onun ömrü də, illərinin tutumu da şeirlərindəki həyat mənzərələri və ruh çırpıntıları qədər gəncdir, diridir, şaqraqdır. Bütün yaradıcılığı boyu dünyanın dolaşıq dərdlərinə çarə axtarmağa çalışmış, ədəbiyyatın, poeziyanın da missiyasını bunda görmüş, insanın hiss və duyğularının ən dərin qatlarına baş vurmuş, çox vaxt da mistik poetik obrazlarla yaşamış söz adamının ruhən diri və gənc qalması bir kimsədə şübhə doğurmaz, zatən.

Yaşadığımız bu mürəkkəb dünyanın hər üzünü nəzmə çəkən Zakir Fəxri bizim çağdaş poeziyamızın parlaq bir rəngidir, insan yaşantılarının, duyğu və düşüncələrini orijinal poetik dillə ifadə edən bənzərsiz şeirlərin müəllifidir. Bu şeirlərdə adi həyat situasiyalarından tutmuş dünyanın mürəkkəb fəlsəfi suallarınadək bir çox mətləblər şairin bədii düşüncəsindən keçərək poetik obraza çevrilir damcı-damcı oxucu yaddaşına hopur.

 

… Torpağında ah göyərər,

 

Hər atılan ox göyərər.

 

Dönməsən, günah göyərər,

 

Dünya, qayıt dünyamıza.

 

    Kimsə bu sözü gözəl deyib ki, poeziya qaranlıq otaqda qoyulmuş və simləri gərilmiş arfaya bənzəyir, gözləyir ki, kimsə ona toxunub yuxudan oyatsın. Z.Fəxri bütün yaradıcılığı boyu sirli qaranlıqlarda, adi insan zəkasının nüfuz edə bilmədiyi qapalı dünyalarda qalmış arfaları oyadaraq səsləndirib, insan və həyat problemləri ilə bağlı ən incə nüansları dilə gətirib. Onun bir çox şeirləri dünyanın anlaşılmaz işləri ilə bağlı suallara cavab kimi səslənir. Bu cavablarda bir təsəlli, həyata inam, dərdi, kədəri unutmaq, insanları azacıq da olsa ovunmaq havası var. Bu mənada qoca dünyanın qəm yükünü özü daşıyan Z.Fəxri başqalarına həmdərd olan əsl şairdi. Öz içində övlad itkisi boyda ən böyük dərdini daşıya-daşıya “həmişə başqalarının dərdinə şərik olmağa, o dərdlərin hovunu almağa, təsəlli və təskinlik verməyə hazırdı” (R.Rövşən). Ümumiyyətlə, Zakirin yaradıcılığı üçün ən önəmli cəhətlərdən biri yaratdığı cazibədar poetik nümunələr vasitəsilə insanlara həyat eşqi təlqin etmək, onlara nəcib duyğular aşılamaqdır. O, insanları xətadan-bəladan, Şərdən qorumağı, onları qaranlıqdan işığa doğru çəkməyi də öz şair missiyasına aid edir edir. Məncə, Zakir Fəxrini bir insan kimi də geniş auditoriyaya sevdirən məhz onun daim işığa can atmasıdır.

 

        Ədəbiyyatın ümumi idealları öz yerində, amma hər qələm sahibinin bu yaradıcılıq meydanına gəlişinin bir səbəbi olur. Bu gəlişin yolu və motivi həmin yaradıcı şəxsin ali məqsədini və yaradıcılıq missiyasını müəyyən edir. Bu mənada poeziyanı, bütövlükdə ədəbiyyatı Allahın verdiyi və elmi düşüncənin inkişaf etdirdiyi İlahi qüvvə hesab edən Zakir Fəxrinin təkcə şeirə yox, bütövlükdə dünyaya gəlişi bir az fərqlidir:

 

... Yolumu sarpdım, deyəsən,

 

Bu dünyaya azıb gəldim.

 

Göy üzü dərddən çatladı,

 

Qoşulub bir damla suya

 

Mən o çatdan sızıb gəldim...

 

Yaradıcılığında mistik situasiyalar qasırğası yaratmağı bacaran Z.Fəxri dünyaya yolunu azaraq gəldiyini deyir, amma dərddən çatlamış göy üzündən “bir damla suya qoşulub” Yerə endiyini də danmır. Məncə, bu məqam təkcə böyük şairin obrazlı şəkildə ifadə etdiyi metafizik düşüncənin möcüzəsi deyil, həm də onun sufi fəlsəfəsinə dərin bağlılığının çıxış nöqtəsidir. Sufi ədəbiyyatı və təsəvvüflə sıx bağlılığı olan, sufi mütəfəkkirlərinin əsərlərini davamlı mütaliə edib öz düşüncə süzgəcindən keçirən Zakir Fəxrinin bu mövzuda söhbətlərindən doymaq olmur. Şairin bu mövzuda bir dərviş şövqü ilə danışmasından, hər hikmətlə həqiqət mərtəbəsinə çatmağa can atmasından ayrıca zövq almamaq mümkün deyil.

 

 

 

Həyatın zərbələrini Tanrı sınağı hesab edən və onlara səbrlə tab gətirən Zakir Fəxrinin səmimiyyəti, insanlara məhəbbəti, dostlara sədaqəti özü bir könül məmnunluğu yaradan poeziyadır. Onun müdrikliyi, insanlara sevgisi bu poeziyadan qaynaqlanır. Zahirən hay-küylü, polemikalarda heç bir çərçivəyə sığmayan və məcrasından çıxmış dağ çayı kimi görünən Zakirin insanlarla ölçülü-biçili davranışının özü bir istedaddır. Adamlar ona inanır, ürək qızdırır, dərdini deyir və bilirlər ki, gözəl şair dost harayına həssasdır, kimsənin ümidini üzməz, ən çətin vəziyyətdə belə işığa gedən yolu tapa bilər. Bu mənada bir şair kimi “xüsusi varlıq” olan Z.Fəxrini obrazlı dillə “labirint bələdçisi”nə bənzədənlər səhv etmirlər. 

 

 

 

Görünür, insan qəlbinin ən incə duyğularını nəzmə çəkmək, şeir yazmaq, publisitika ilə məşğul olmaq kimi, həmişə dostların yanında olmaq, onların xeyir-şərinə yaramaq da Zakir Fəxri üçün bir həyat missiyasıdır. Qoy Azərbaycan poeziyası üçün külüng çalan və hələ də bu zalım dünya üçün “qalmaz belə, qalmaz” deyən şair, yenə də öz varlığı ilə yaxınlarını və dostlarını, gözəl poetik inciləri ilə isə həssas oxucularını sevindirməkdə davam etsin".

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı