"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova 2025-ci il üçün təşkilatın əsas fəaliyyət istiqamətlərini QHT.az-a açıqlayıb. O, bildirib ki, zorakılıq qurbanları, o cümlədən məişət zorakılığı və insan alveri qurbanları üçün reabilitasiya proqramlarının təkmilləşdirilməsi əsas prioritetlərdən biridir.

“Biz qurbanların sığınacaqdan çıxdıqdan sonra reabilitasiyasını daha da uğurlu şəkildə həyata keçirmək üçün xüsusi proqramlar üzərində çalışırıq. Bununla yanaşı, aqressorlarla işləmək, mediatorlarla əməkdaşlığı genişləndirmək və mediasiya təşkilatlarının peşəkarlığını artırmaq planlarımız sırasındadır. Eyni zamanda, dünya təcrübəsini öyrənmək və tətbiq etmək niyyətindəyik,” - deyə Südabə Məmmədova qeyd edib.

Bununla yanaşı, təşkilat uşaqlar və gənclərlə məktəblərdə maarifləndirmə tədbirlərini də planlaşdırır. Məmmədova vurğulayıb ki, təşkilatın əsas məqsədi zorakılıq hallarının qarşısını almaq və qurbanların cəmiyyətə uğurlu inteqrasiyasını təmin etməkdir.

Onun sözlərinə görə, Gəncə 1 saylı Mediasiya Təşkilatı olaraq, QHT-lərlə əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə geniş layihələrin həyata keçirilməsi də prioritet məsələlərdəndir.

 

Pərvanə Fərhadqızı