"Gələcəyə Baxış Avropaya İnteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibova bildirib ki, 2025-ci il üçün təşkilatın əsas prioritetlərindən biri Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin inteqrasiyasını dəstəkləmək və Qərbi Azərbaycanın tarixi-mədəni irsini tədqiq edən layihələrin həyata keçirilməsi olacaq.

QHT sədri qeyd edib ki, təşkilat milli-mənəvi dəyərlərin qorunması və təbliği, gənclərlə işin gücləndirilməsi, onların liderlik bacarıqlarının inkişafına dəstək göstərilməsi kimi fəaliyyətləri də davam etdirəcək. Bundan əlavə, Türkiyənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmləndiriləcək.

"Qadınların gücləndirilməsi, fiziki məhdudiyyətli uşaqların problemlərinin həlli və dövlət qurumları ilə sosial problemlərin aradan qaldırılması istiqamətində fəal əməkdaşlıq 2025-ci ildə də təşkilatımızın əsas fəaliyyət istiqamətlərindən biri olacaq," - deyə Bəsti Nəsibova bildirib.

 

Pərvanə Fərhadqızı