"“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin Göygöl rayonunda yerli sakinlərlə keçirdiyi görüş şirkətlə icma arasında açıq dialoqun və qarşılıqlı etimadın formalaşdırılması baxımından müsbət qiymətləndirilə bilər. Bu cür görüşlər yalnız görülən işlərin təqdimatı deyil, həm də yerli əhalinin problemlərinin, gözləntilərinin və təkliflərinin birbaşa dinlənilməsi üçün mühüm platformadır"

Bu fikirləri “Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, müasir dövrdə hasilat və sənaye şirkətlərinin fəaliyyəti yalnız iqtisadi göstəricilərlə qiymətləndirilmir. Onun sözlərinə görə, fəaliyyət göstərilən ərazilərdə ətraf mühitin qorunması, sosial rifahın yüksəldilməsi, məşğulluğun artırılması və yerli icmaların inkişafına verilən töhfələr də korporativ sosial məsuliyyətin əsas meyarları hesab olunur.

Müsahib vurğulayıb ki, xüsusilə dağ-mədən və hasilat sektorunda çalışan şirkətlər fəaliyyət göstərdikləri bölgələrdə sosial tərəfdaşlıq modelini tətbiq etməlidirlər. O bildirib ki, yerli sakinlərlə müntəzəm görüşlərin keçirilməsi, ictimai dinləmələrin təşkili və layihələrin hazırlanması zamanı əhalinin rəyinin nəzərə alınması həm mümkün sosial narazılıqların qarşısını alır, həm də qərarların daha səmərəli qəbul edilməsinə şərait yaradır.

İradə Həsənovanın sözlərinə görə, hasilat və sənaye şirkətləri yerli əhalinin məşğulluğunun artırılmasına da xüsusi diqqət yetirməlidirlər. Bölgə sakinlərinin işlə təmin olunması, peşə hazırlığı proqramlarının həyata keçirilməsi, gənclər üçün təcrübə və təlim imkanlarının yaradılması, eləcə də yerli sahibkarların satınalma proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.

O əlavə edib ki, infrastrukturun inkişafı da korporativ sosial məsuliyyətin vacib istiqamətlərindən biridir. Kənd yollarının təmiri, içməli su sistemlərinin yaxşılaşdırılması, məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin və digər sosial obyektlərin dəstəklənməsi yerli əhalinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bu layihələrin yerli icmaların ehtiyaclarına uyğun və uzunmüddətli plan əsasında həyata keçirilməsi daha dayanıqlı nəticələr verir.

Müsahib bildirib ki, ətraf mühitin mühafizəsi də şirkətlərin fəaliyyətində prioritet olmalıdır. Onun fikrincə, ekoloji risklərin minimuma endirilməsi, müasir texnologiyaların tətbiqi, torpaqların rekultivasiyası, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, su ehtiyatlarının qorunması və müntəzəm ekoloji monitorinqlərin aparılması həm təbiətin, həm də insanların sağlamlığının qorunmasına xidmət edir. Eyni zamanda, bu sahədə görülən işlərlə bağlı ictimaiyyətə açıq və şəffaf məlumat verilməsi cəmiyyətin etimadını daha da gücləndirir.

Sonda İradə Həsənova qeyd edib ki, təhsil, səhiyyə, idman, mədəniyyət və sosial həssas qrupların dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr korporativ sosial məsuliyyət siyasətinin ayrılmaz hissəsi olmalıdır. Onun sözlərinə görə, “AzerGold” QSC-nin Göygöl rayonunda yerli sakinlərlə keçirdiyi görüş də bu baxımdan əhəmiyyətli təşəbbüsdür və belə görüşlərin davamlı xarakter alması, səsləndirilən təkliflərin konkret layihələrə çevrilməsi regionların sosial-iqtisadi inkişafına və yerli icmaların rifahının yüksəlməsinə mühüm töhfə verəcək.

Piranə Xasiyeva