24 iyul 2026-cı il tarixində "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə Şahdağ Turizm Mərkəzi arasında şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların övladlarının mənəvi inkişafına dəstək göstərilməsi və gələcəkdə birgə sosial layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq razılaşması əldə olunub.

QHT.az xəbər verir ki, əməkdaşlığın ilk təşəbbüsü olaraq, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə şəhid ailələrinin övladları üçün xüsusi istirahət və əyləncə proqramı təşkil edilib. Layihədə Xaçmaz, Quba və Qusar rayonlarından olan şəhid ailələrinin övladları iştirak ediblər. Gün ərzində uşaqlar mərkəzin təqdim etdiyi müxtəlif əyləncə və istirahət imkanlarından yararlanaraq unudulmaz anlar yaşayıblar. Onların sevinc dolu təbəssümü və yüksək əhval-ruhiyyəsi bu təşəbbüsün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirib.

Bu layihə üç rayondan olan şəhid ailələrinin övladlarını bir araya gətirməklə yanaşı, onların asudə vaxtının səmərəli təşkili, dostluq münasibətlərinin möhkəmləndirilməsi və mənəvi dəstək hissinin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyıb.

Bu əməkdaşlıq yalnız bir günlük tədbirlə məhdudlaşmır. Tərəflər gələcəkdə şəhid ailələri və onların övladları üçün sosial, mədəni, maarifləndirici və istirahət yönümlü layihələrin davamlı şəkildə həyata keçirilməsi, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və mənəvi dəstəyin artırılması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi fəaliyyətinin əsas məqsədlərindən biri şəhid ailələrinin daim yanında olmaq, onların sosial rifahına töhfə vermək və cəmiyyətimizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının daha da gücləndirilməsinə xidmət etməkdir. Bu baxımdan Şahdağ Turizm Mərkəzi ilə qurulan əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

İctimai Birlik Şahdağ Turizm Mərkəzinin rəhbərliyinə və kollektivinə göstərdikləri sosial məsuliyyətə, şəhid ailələrinə həssas münasibətə və bu nəcib təşəbbüsə verdikləri dəstəyə görə dərin minnətdarlını bildirib.

Bu əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, şəhid ailələrinin rifahının yüksəldilməsinə və onların övladlarının xoşbəxt gələcəyinə mühüm töhfə verəcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, ailələri isə hər zaman diqqət və qayğı ilə əhatə olunacaqdır.