"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında vətəndaş cəmiyyətinin maarifləndirmə fəaliyyətində mühüm rol oynadığını vurğulayıb.
O, qeyd edib ki, yalnız dövlətin müxtəlif istiqamətlərində deyil, həm də milli və mənəvi dəyərlərin təbliği və qorunması vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biridir.
Zülfiyyə Nuriyeva bildirib ki, 17 fevral Təmənnasız Xeyirxahlıq İfadəsi günü kimi qeyd olunur və bu dəyərlərin yaşadılması vacibdir: “İnsanlar xeyirxahlıq üçün minnətdarlıq etməyi, təşəkkür etməyi bacarmalıdırlar. Xeyirxah insanlara qarşı ictimai qınağın qarşısı alınmalıdır. Çünki müasir dövrdə bu keyfiyyətlərə bəzən lazımi dəyər verilmir. Lakin Azərbaycan xalqı tarixən humanist və xeyirxah bir millət olub və biz bu dəyərləri gələcək nəsillərə ötürməliyik”.
O, vətəndaş cəmiyyətinin həyata keçirdiyi layihələrdə hər zaman xeyirxahlığa üstünlük verdiyini vurğulayıb: “Təmənnasız olaraq vətəndaşlara dəstək olmaq, onların problemlərini səsləndirmək, həll yollarını göstərmək və çətin anlarında yanlarında olmaq vətəndaş cəmiyyətinin əsas prinsiplərindən biridir”.
Zülfiyyə Nuriyeva sonda qeyd edib ki, xeyirxahlıq anlayışı cəmiyyətin inkişafında mühüm rol oynayır və bu dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi hamımızın borcudur.
Pərvanə Fərhadqızı
QHT.az










