"Qeyd etmək istərdim ki, biz rəhbərlik etdiyiniz layihəni ötən ildən etibarən izləyirik. Xüsusilə layihə çərçivəsində keçirilən tədbirlərin YouTube kanalında yayımlanan video materialları ilə tanış olmuşam. Bu materiallar layihənin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki vərəm xəstəliyindən əziyyət çəkən şəxslər və onların ailə üzvləri həmin videolar vasitəsilə düzgün məlumat əldə edə, maariflənə və əlavə dəstək qazana bilirlər".
QHT.az xəbər verir ki, bu fikirləri 2026-cı il iyulun 21-də Bakı şəhərində yerləşən Dünya Biznes Mərkəzində "Vərəmsiz Azərbaycan Kampaniyası" layihəsinin yekun dəyirmi masa tədbirində çıxışı zamanı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.
Cəsarət Hüseynzadə bildirib ki, tədbirdə səsləndirilən uğur hekayələri digər xəstələr üçün mühüm motivasiya mənbəyidir:
"Xüsusilə uğur hekayələri diqqətimi cəlb etdi. Vərəm xəstəliyinə qalib gəlmiş bir təşkilat üzvünün öz həyat təcrübəsini bölüşməsi digər xəstələr üçün həm ümid, həm də motivasiya mənbəyidir. Bu baxımdan, tədbirlərin peşəkar şəkildə təşkili ilə yanaşı, onların daha geniş auditoriyaya çatdırılması məqsədilə rəqəmsal platformalarda paylaşılması təqdirəlayiq yanaşmadır".
C.Hüseynzadənin sözlərinə görə, təşkilatın tədbirlərinin peşəkar səviyyədə keçirilməsi həmkar qurumlar tərəfindən də yüksək qiymətləndirilir:
"Az öncə həmkarlarımızla da bu barədə fikir mübadiləsi aparırdıq. Çingiz müəllimin rəhbərlik etdiyi təşkilatın bütün tədbirləri yüksək səviyyədə, peşəkar şəkildə və müəyyən olunmuş standartlara uyğun təşkil etməsi hər zaman diqqət çəkir. Biz də həmkar qurum olaraq bu fəaliyyəti yüksək qiymətləndiririk".
Sədr vurğulayıb ki, kiçik formatlı görüşlər bəzən daha dəyərli fikir mübadiləsinə imkan yaradır:
"Eyni zamanda qeyd etmək istərdim ki, bəzən kiçik formatda keçirilən müzakirələr böyük konfrans zallarında səslənməyən mühüm fikirlərin ortaya çıxmasına şərait yaradır. Bugünkü görüş də bunun bariz nümunəsi oldu. Həkimlərimizin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və digər iştirakçıların səsləndirdiyi fikirlər olduqca maraqlı və faydalı idi".
Cəsarət Hüseynzadə qeyd edib ki, vətəndaş cəmiyyəti ölkədə ictimai gündəliyin formalaşmasına mühüm töhfələr verib:
"Yadımdadır ki, təxminən 10–15 il əvvəl qohum evliliklərinin yaratdığı risklər mövzusunu ilk dəfə sistemli şəkildə gündəmə gətirən məhz qeyri-hökumət təşkilatları olmuşdu. Sonradan dövlət qurumları, ekspertlər və media bu istiqamətdə geniş müzakirələr apardılar. Nəticədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası da bu məsələyə xüsusi diqqət ayırdı. Bu proses vətəndaş cəmiyyətinin ictimai gündəliyin formalaşmasına verdiyi mühüm töhfənin uğurlu nümunəsi idi".
Onun sözlərinə görə, səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, hələ də həllini gözləyən problemlər mövcuddur:
"Bu gün də qeyd olunduğu kimi, ölkəmizdə ASAN xidmət və DOST modeli beynəlxalq səviyyədə tanınır, bir çox ölkələr üçün uğurlu idarəetmə nümunəsi hesab olunur. Lakin etiraf etməliyik ki, səhiyyə sistemində hələ də həllini gözləyən məsələlər mövcuddur. Son illər müasir tibb müəssisələrinin tikilməsi təqdirəlayiqdir. Bununla belə, bəzi hallarda həmin müəssisələr lazımi tibbi avadanlıqlarla tam təmin olunmur".
C.Hüseynzadənin fikrincə, səhiyyə infrastrukturundakı çatışmazlıqlar şəhər idarəçiliyinə və nəqliyyat sisteminə də təsir göstərir:
"Məsələn, Bilgəhdə istifadəyə verilmiş müasir tibb müəssisəsində müəyyən dövrdə təcili rentgen avadanlığının olmaması səbəbindən vətəndaşlar müayinə üçün Sabunçuya müraciət etməyə məcbur qalırdılar. Bu kimi hallar təkcə səhiyyə xidmətlərinin keyfiyyətinə deyil, eyni zamanda şəhər idarəçiliyinə və nəqliyyat yükünə də təsir göstərir. İnsanlar yaşadıqları əraziyə yaxın keyfiyyətli səhiyyə və təhsil xidmətlərindən yararlana bilmədikdə, əlavə hərəkətlilik yaranır ki, bu da şəhər nəqliyyatında sıxlığın artmasına səbəb olur. Hesab edirəm ki, bu istiqamətdə müzakirələrin davam etdirilməsi və sistemli həll yollarının hazırlanması vacibdir".
Sədr sonda layihənin dövlət dəstəyi ilə həyata keçirilməsinin vətəndaş cəmiyyəti təşəbbüslərinə verilən önəmi göstərdiyini bildirib:
"Sonda bir daha tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Layihənin dövlət tərəfindən dəstəklənməsi onu göstərir ki, mövcud problemlər aidiyyəti dövlət qurumlarının da diqqət mərkəzindədir və onların həlli istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir".
Cəsarət Hüseynzadə yekunda iştirakçılara uğurlar arzulayıb və xüsusi diqqətə görə təşəkkürünü bildirib.






