Dünyanın ən çox istifadə edilən sosial media platformalarından biri olan X-də genişmiqyaslı texniki problem yaşanıb. İstifadəçilər lentə daxil olmaqda, paylaşımları yeniləməkdə və məzmuna baxmaqda çətinlik çəkdiklərini bildirirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki,  problem 20 aprel səhər saatlarında başlayıb və günün ikinci yarısında daha çox istifadəçiyə təsir edib. Bir çox istifadəçi ana səhifənin yenilənmədiyini, paylaşımların yüklənmədiyini və müxtəlif xəta mesajları ilə qarşılaşdıqlarını qeyd edib. Problemlər həm mobil tətbiqdə, həm də masaüstü versiyada müşahidə olunub.

İstifadəçi rəylərində əsasən lentin donması, paylaşımların gec açılması və profil səhifələrinə girişdə gecikmələr vurğulanır. Eyni zamanda digər sosial platformalarda da bu problemlə bağlı çoxsaylı şikayətlər paylaşılıb.

Hazırda problemin dəqiq səbəbi məlum deyil və platforma tərəfindən rəsmi açıqlama verilməyib. İlkin ehtimallara görə, texniki komandalar nasazlığın aradan qaldırılması istiqamətində işlərini davam etdirir.

Mütəxəssislər bildirirlər ki, bu tip texniki nasazlıqlar adətən qısa müddətli olur və sistemlər mərhələli şəkildə bərpa edilir.

Piranə Xasiyeva