22 may tarixində Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu – WUF13 öz işini yekunlaşdırdı. BMT-nin şəhərsalma üzrə əsas platforması olan bu forumun Bakıda keçirilməsi təkcə beynəlxalq tədbirə ev sahibliyi etmək deyil, həm də Azərbaycanın qlobal urbanizasiya və dayanıqlı inkişaf gündəliyində artan rolunun göstəricisi kimi qiymətləndirilməlidir.

QHT.az xəbər verir ki, 17–22 may tarixlərində keçirilən forumun əsas mövzusu “Housing the World: Safe and Resilient Cities and Communities” – “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” idi. Tədbir dünya miqyasında mənzil böhranı, şəhərlərin dayanıqlığı, iqlim dəyişiklikləri, sosial inklüzivlik və urban idarəetmə kimi məsələləri ön plana çıxardı. 

Bu gün dünyada təxminən 3 milyard insan müxtəlif formalarda mənzil çatışmazlığı və ya qeyri-adekvat yaşayış şəraiti ilə üz-üzədir. Urbanizasiya sürətlənir, iqlim riskləri artır və şəhərlər yeni sosial-iqtisadi çağırışlarla qarşılaşır. WUF13 məhz bu problemlərə praktik həll yolları axtaran qlobal platforma rolunu oynadı. 

Forum çərçivəsində aparılan müzakirələr göstərdi ki, artıq şəhərsalma yalnız memarlıq və infrastruktur məsələsi deyil. Müasir şəhər siyasəti iqtisadiyyat, sosial rifah, investisiya, iqlim adaptasiyası və idarəetmənin kəsişdiyi strateji sahəyə çevrilib. Mənzil təminatı isə iqtisadi sabitlik və sosial təhlükəsizliyin əsas indikatorlarından biri kimi qəbul olunur. 

WUF13-də diqqət çəkən istiqamətlərdən biri də şəhərlərin maliyyələşdirilməsi və yeni iqtisadi mexanizmlər oldu. Mənzil siyasətinin iqtisadi gücü, urban maliyyə alətləri və dayanıqlı investisiya modelləri geniş müzakirə edildi. Bu isə inkişaf etməkdə olan və transformasiya dövrünü yaşayan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan üçün WUF13-ün əhəmiyyəti bir neçə ölçüdə dəyərləndirilə bilər.
Birincisi, Bakı qlobal şəhərsalma diplomatiyasının mühüm platformasına çevrildi və ölkənin beynəlxalq nüfuzu daha da gücləndi.

İkincisi, forum Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı şəhərsalma, infrastruktur və yenidənqurma layihələrinin beynəlxalq müstəvidə təqdimatı üçün ciddi imkan yaratdı.

Üçüncüsü, xüsusilə azad edilmiş ərazilərdə aparılan “ağıllı şəhər”, dayanıqlı məskunlaşma və yaşıl inkişaf modellərinin beynəlxalq təcrübə ilə müqayisəsi və yeni tərəfdaşlıqlar üçün əlavə imkanlar formalaşdırdı.
WUF13 yalnız bir forum kimi deyil, həm də gələcək urban siyasətə istiqamət verəcək platforma kimi yadda qaldı. Forumun yekun sənədi kimi formalaşan “Baku Call to Action” – “Bakı Fəaliyyət Çağırışı” 2026-cı il üzrə yeni urban gündəlik və BMT hesabatlarının hazırlanmasına töhfə verəcək. 

Qlobal iqtisadiyyatın gələcəyi böyük ölçüdə şəhərlərdə formalaşacaq. Bu baxımdan, WUF13 Bakının yalnız coğrafi deyil, həm də strateji və intellektual urban mərkəz kimi mövqeyini gücləndirən mühüm hadisə oldu.