WUF13 çərçivəsində “UN-Habitat” tərəfindən tərəfdaş qurumlar üçün “Partner-Led Events” formatında tədbirlərin təşkili imkanı yaradılıb. Bu format çərçivəsində tədbirlər WUF proqramının rəsmi hissəsi kimi BMT platformasında təqdim olunur, lakin onların məzmunu tərəfdaş təşkilatlar tərəfindən hazırlanır.
QHT.az xəbər verir ki, Azərbaycan QHT-ləri bu prosesdə yüksək fəallıq nümayiş etdirib. Belə ki, Azərbaycan üzrə keçirilən 12 “Partner-Led Event”dən 4-ü yerli QHT-lər tərəfindən təşkil olunub.
2026-cı il mayın 19-da WUF13 çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “İnklüziv şəhərlər və əlilliyi olan şəxslər üçün müstəqil həyat” mövzusunda “Partner-Led Event” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, QHT Agentliyinin İdarə Heyətinin sədri və WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin rəhbəri Asia Abdel Mutaleb Yaghi və digər qonaqlar iştirak ediblər.
Konfrans formatında keçirilən tədbirin yekun hissəsində mövzu üzrə praktiki təlim təşkil olunub. Tədbir BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyasının prinsiplərinə, eləcə də beynəlxalq əlillik hərəkatının əsas yanaşmalarından biri olan “Bizsiz bizim haqqımızda heç nə” prinsipinə uyğun hazırlanıb.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin müstəqil yaşamasını dəstəkləyən inklüziv şəhərlərin qurulmasının vacibliyini önə çəkmək, həmçinin bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq ekspertlər və inkişaf tərəfdaşları arasında dialoqu gücləndirmək olub.
Çıxış edən rəsmilər tədbirin müasir şəhər inkişafı, insan hüquqları, sosial iştirakçılıq və dayanıqlı inkişaf baxımından aktual əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar rəhbərlik etdikləri qurumların əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, inklüziv xidmətlərin inkişafı, əlçatan mühitin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və sosial inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə məlumat veriblər.
Yerli və beynəlxalq ekspertlər inklüziv şəhərsalma, universal dizayn, müstəqil həyat, sosial xidmətlərə çıxış, icma əsaslı dəstək mexanizmləri və qərar qəbuletmə proseslərində iştirakın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, inklüziv şəhər anlayışı yalnız fiziki əlçatanlıqla məhdudlaşmır; bu anlayış inteqrasiya olunmuş sosial xidmətləri, psixososial dəstəyi, rəqəmsal əlçatanlığı, bərabər iştirak imkanlarını və insan ləyaqətinə əsaslanan şəhər mühitini də əhatə edir.
Müzakirələr zamanı şəhərsalma, sosial siyasət və ictimai xidmətlərin əlilliyi olan şəxslərin gündəlik həyatına təsiri diqqət mərkəzində olub. Mənzil, mobillik, ictimai nəqliyyat, məşğulluq, informasiya əlçatanlığı və şəhər mühitində mövcud maneələr əsas müzakirə mövzuları sırasında yer alıb.
Konfrans çərçivəsində vətəndaş cəmiyyəti institutlarının inklüziv şəhər həllərinin formalaşdırılmasındakı rolu, hökumət qurumları ilə əməkdaşlıq imkanları və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin yekun hissəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən praktiki təlim keçirilib. Təlim zamanı iştirakçılara inklüziv şəhər inkişafı, universal dizayn prinsipləri, müstəqil həyat fəlsəfəsi və əlilliyi olan şəxslərin cəmiyyət həyatında tam və bərabər iştirakını təmin edən yanaşmalar barədə praktiki məlumatlar təqdim olunub.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Sessiya zamanı iştirakçılar inklüziv şəhərsalma və müstəqil həyat xidmətlərinin inkişafı ilə bağlı təklif və fikirlərini bölüşüblər.
“Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin rəhbəri Aydın Xəlilov bildirib ki, bu təşəbbüs Azərbaycanda inklüziv şəhərsalma, universal dizayn və əlilliyi olan şəxslərin hüquqlarının təşviqi istiqamətində beynəlxalq əməkdaşlığın və institusional dialoqun güclənməsinə mühüm töhfə verəcək.






