20 may 2026-cı il tarixində WUF13 (World Urban Forum – Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində Qazaxıstan Vətəndaş Alyansı Assosiasiyası ilə Azərbaycan QHT-si “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, memorandum Qazaxıstan Vətəndaş Alyansı Assosiasiyasının prezidenti Nurqaziyeva Banu Qəniyevna və Azərbaycan QHT-si “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova tərəfindən tərəfdaşlıq, bərabərlik, qarşılıqlı hörmət, açıqlıq və dürüstlük prinsipləri əsasında imzalanıb.

Memorandumun predmeti Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları arasında sosial-humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsidir. Bu əməkdaşlıq çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı, təhsil, gənclər siyasəti, könüllülük, ictimai diplomatiya, ekspert əməkdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran birgə tədbir, layihə və təşəbbüslərin təşkili və həyata keçirilməsi nəzərdə tutulur.

Tərəflərin birgə fəaliyyət istiqamətləri aşağıdakılardır:

Sosial-humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi;

Qarşılıqlı maraq doğuran birgə təşəbbüs, layihə və proqramların həyata keçirilməsi;

Vətəndaş cəmiyyəti, təhsil, gənclər siyasəti, könüllülük, ictimai diplomatiya, elm və ekspert fəaliyyəti sahələrində beynəlxalq tərəfdaşlığın inkişafı;

Təcrübə, bilik, qabaqcıl praktika və ekspert yanaşmalarının mübadiləsi;

Beynəlxalq forum, konfrans, dəyirmi masa, seminar, təlim və digər tədbirlərin təşkili və keçirilməsi;

Akademik, ekspert və institutlararası beynəlxalq əməkdaşlığın inkişafına dəstək;

Tərəflərin regional və beynəlxalq səviyyədə qarşılıqlı təşviqi;

Operativ informasiya, analitik və metodiki materialların mübadiləsi;

Beynəlxalq təşkilatlar, QHT-lər, təhsil və tədqiqat müəssisələri, vətəndaş cəmiyyəti institutları, biznes icması və dövlət qurumları ilə tərəfdaş əlaqələrinin inkişafına dəstək;

Mədəniyyətlərarası dialoqun, ictimai əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsinə yönəlmiş birgə beynəlxalq təşəbbüslərin hazırlanması və həyata keçirilməsi.

WUF13 – Ümumdünya Şəhərsalma Forumu öz əsas məqsədlərinə nail olmaqla yanaşı, müxtəlif ölkələrdən olan işgüzar şəxslərin tanışlığı və əməkdaşlıq əlaqələrinin qurulması üçün də geniş imkanlar yaratdı.

Əminik ki, bu memorandum Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın daha da güclənməsinə və faydalı layihələrin həyata keçirilməsinə töhfə verəcək.