"Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" təşəbbüsü çərçivəsində TOT ( Təlimçilər üçün Təlimi) təlimləri müvəffəqiyyətlə tamamlamış müdavimlər, əldə etdikləri bilik və bacarıqları tətbiq edərək, nümunəvi təlimlər təşkil ediblər.

QHT.az xəbər verir ki, təlimlərin məqsədi vətəndaşlıq təhsilinin müxtəlif aspektlərini öyrətmək və onların bu bilikləri daha geniş auditoriyaya çatdırmalarına kömək etmək üçün nəzərdə tutulub. Təlimlərdə əsas mövzulara insan hüquqları, gender bərabərliyi, erkən nikahın fəsadları, mədəni müxtəliflik, nəsillərin münaqişəsi və onların həlli yolları, icmanın davamlı inkişafı, ekoloji maarifləndirmə sülh quruculuğu və s. daxil idi. İnsan hüquqları mövzusunda keçirilən təlimlər, iştirakçılara hər bir fərdin hüquqlarını və bu hüquqların qorunmasının əhəmiyyətini öyrətdi. Gender bərabərliyi mövzusunda isə, bərabər imkanların təmin edilməsi və cinsiyyət ayrı-seçkiliyinin aradan qaldırılması üçün vacib bilik və bacarıqlar aşılandı.

Təlim iştirakçılara gender bərabərliyinin cəmiyyətdə niyə vacib olduğunu və bu istiqamətdə hansı addımların atılmalı olduğunu izah etdi. Erkən nikah mövzusu, xüsusilə gənc qızların təhsil hüququ və sağlamlıqları üçün ciddi fəsadlar yarada biləcəyi üçün əhəmiyyətlidir. Bu təlimlərdə iştirakçılara erkən nikahın mənfi təsirləri və onun qarşısının alınması yolları izah edildi. Mədəni müxtəliflik mövzusunda keçirilən təlimlər isə, cəmiyyətin müxtəlif mədəniyyətləri qəbul etməsi və bu müxtəliflikdən necə faydalana biləcəyi mövzusunda bilik və bacarıqlar təmin etdi. Nəsillər arasında yaranan münaqişələrin həlli yolları mövzusunda təlimlər, iştirakçılara bu tip münaqişələrin səbəblərini anlamaq və müxtəlif nəsillərin bir arada yaşaması və işləməsi üçün lazımi vasitələr və metodlar öyrədildi. İcmanın davamlı inkişafı mövzusunda keçirilən təlimlər, iştirakçılara icmalarını necə inkişaf etdirə biləcəkləri və bu inkişafın davamlı olmasını necə təmin edəcəkləri haqqında məlumat verdi.

Ekoloji maarifləndirmə isə, ətraf mühitin qorunmasının əhəmiyyəti və bu istiqamətdə hansı addımların atıla biləcəyi mövzusunda iştirakçılara bilik və bacarıqlar qazandırdı. Sülh quruculuğu mövzusunda keçirilən təlim, münaqişələrin sülh yolu ilə həlli və sülhün qorunması üçün zəruri vasitə və metodlar haqqında iştirakçılara geniş məlumat verdi.

Təlimlər əsasən Masallı İctimai Təhsil Mərkəzində keçirilsə də, qismən Lənkəran və Astarada təşkil edilib. Təlimlər zamanı müxtəlif interaktiv metodlardan istifadə edilərək, iştirakçıların təlim materiallarını daha yaxşı mənimsəməsi təmin edilmişdir. Hazırlanmış təlim proqramları, vətəndaşlıq təhsili üzrə hazırlıq mərhələsində olan web alətlər qutusuna əlavə ediləcəkdir. Bu alətlər qutusu, gələcəkdə keçiriləcək təlimlərin keyfiyyətini və təsirini artırmaq məqsədi ilə təlimçilərə lazımi resursları təmin edəcək və  işini asanlaşdıracaqdır.
Bu təşəbbüs, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə Yaşlıların Təhsili Konsultasiya Mərkəzi tərəfindən icra edilir.