Son aylarda “Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili” təşəbbüsü çərçivəsində Yaşlıların Təhsili Konsultasiya Mərkəzi tərəfindən layihədə iştirak etmiş vətəndaş təhsili mütəxəssisləri üçün onlayn seminarlar təşkil edilib.
QHT.az xəbər verir ki, bu seminarlar əsasən zoom platformasından istifadə edilməklə EEACE idarə heyətinin sədri Yuri Petruşenko tərəfindən fasilitasiya edilib.
Seminarların əsas məqsədi vətəndaş təhsili təlimçilərinin vətəndaş təhsili sahəsində imkanlarını daha da yüksəltmək və EENCE işçi qrupları ilə şəbəkələşməni yaratmaq və gücləndirmək idi. Tədbirlər zamanı təcrübə mübadiləsi və vətəndaş təhsili sahəsində ən yaxşı təcrübələrə xüsusi diqqət yetirilib.
EEACE idarə heyətinin sədri Yuriy Petruşenkonun təcrübəsi iştirakçılara vətəndaş təhsilinin qabaqcıl metod və yanaşmalarını mənimsəməyə kömək edib. Bu yanaşma yalnız iştirakçıların peşəkar inkişafını deyil, həm də beynəlxalq əlaqələrin gücləndirilməsini təşviq edir. Mövzular arasında Vətəndaş təhsilinin əsasları və müasir cəmiyyətdə rolu, Aktiv vətəndaş öyrənmə metodları, Təhsil proqramlarının hazırlanması və tətbiqi, Vətəndaş cəmiyyətinin demokratiyanın möhkəmləndirilməsində rolu, Müasir çağırışlar və regionda vətəndaş təhsilinin perspektivləri, Vətəndaş təhsilinin məktəb və universitet proqramlarına inteqrasiyası, Rəqəmsal texnologiyaların vətəndaş təhsilində istifadəsi, Vətəndaş təhsili sahəsində davamlı işçi qrupların və şəbəkələrin yaradılması olub.
Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.










