Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra evlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə ailə su və sanitariya çatışmazlığı səbəbindən yoluxucu xəstəlik riski ilə üzləşib. 

QHT.az xarici mediaya istinadən bildirir ki, son 12 gündür çadırlarda məskunlaşan minlərlə insan təhlükəsiz içməli su, axar su və tualetlərə müntəzəm çıxış imkanından məhrumdur. Bu vəziyyət xüsusilə uşaqlar arasında dəri infeksiyaları, ishal və mədə-bağırsaq xəstəliklərinin yayılması riskini artırır.

Bəzi qeyri-rəsmi düşərgələrdə yüzlərlə məcburi köçkün cəmi bir və ya iki tualetdən istifadə edir. Zəlzələ nəticəsində həmin tualetlərin bir qismi də zədələnib. Nəticədə insanlar açıq havada ehtiyaclarını ödəməyə məcbur qalır ki, bu da uşaqların oynadığı ərazilərdə gigiyenik vəziyyəti daha da ağırlaşdırır.

Davam edən leysan yağışları və yüksək hava temperaturu infeksiyaların yayılma riskini daha da artırır. Təşkilat xüsusilə qadın və qızların təmiz su, gigiyena vasitələri və şəxsi məkan çatışmazlığı səbəbindən əlavə çətinliklərlə üzləşdiyini vurğulayıb.

Piranə Xasiyeva