ABŞ Prezidenti Donald Tramp administrasiyası QİÇS, vərəm və malyariya ilə mübarizə üçün fəaliyyət göstərən Qlobal Fonda ayrılan maliyyə vəsaitini abort və digər sosial siyasətlərlə bağlı məhdudiyyətlərə bağlamayacaq. Bu qərar Vaşinqtonun xarici yardım siyasətində istisna kimi qiymətləndirilir.

QHT.az xarici mediaya istianadən xəbər verir ki, son dövrlərdə ABŞ-ın xarici yardım proqramlarında “istisna icazələri” (waiver) mühüm rol oynayır. Tramp administrasiyası ötən il ABŞ-ın demək olar ki, bütün xarici yardımlarını müvəqqəti dayandırdıqdan sonra, dövlət katibi Marko Rubio həyati əhəmiyyət daşıyan humanitar yardım layihələrinin xüsusi icazə almaq üçün müraciət edə biləcəyini bildirmişdi.

Bundan əlavə, administrasiya “qlobal qadağa qaydası”nın (Global Gag Rule) əhatə dairəsini genişləndirərək onu bütün qeyri-hərbi ABŞ xarici yardım proqramlarına tətbiq edib. Bu siyasət ABŞ maliyyəsi alan təşkilatların abortla bağlı xidmətlər göstərməsini və ya təşviq etməsini, eləcə də gender ideologiyası və müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını dəstəkləməsini məhdudlaşdırır.

ABŞ Dövlət Departamenti bəyan edib ki, dövlət katibi milli təhlükəsizlik və ya xarici siyasət maraqları baxımından bu qaydaların tam və ya qismən tətbiqindən istisna verə bilər. Lakin bu istisnaların hansı təşkilatlara və hansı əsaslarla verildiyi barədə məlumatlar ictimaiyyət üçün şəffaf deyil.

Bununla belə, Tramp administrasiyası Qlobal Fonda ayrılan ABŞ maliyyəsinin bu məhdudiyyətlərə tabe olmayacağını açıqlayıb. Bu qərar fondun HİV/QİÇS, vərəm və malyariya ilə mübarizə proqramlarının fasiləsiz maliyyələşdirilməsinə imkan verəcək.

Məqalədə həmçinin qeyd olunur ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin məhdudlaşdırılması Sudan kimi humanitar böhran yaşayan ölkələrdə səhiyyə və yardım proqramlarına ciddi mənfi təsir göstərib. ABŞ yardımının azalması milyonlarla insan üçün tibbi xidmətlər və həyati əhəmiyyətli dəstəyin zəifləməsinə səbəb olub.