Avropa İttifaqının Ümumi Məhkəməsi Apple-ın App Store platformaları və iOS əməliyyat sisteminin “qapıçı” (gatekeeper) kimi tanınmasına qarşı etdiyi şikayəti rədd edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı (DMA) böyük texnologiya şirkətlərinin bazarda üstün mövqeyini məhdudlaşdırmaq və rəqabəti artırmaq məqsədi daşıyır.
Məhkəmə Apple-ın App Store və iOS-la bağlı etirazlarını əsassız sayaraq Avropa Komissiyasının qərarını qüvvədə saxlayıb. Bununla şirkət DMA çərçivəsində müəyyən edilmiş öhdəliklərə əməl etməyə davam edəcək.
Apple qərarla razı olmadığını bildirib. Şirkətin sözçüsü DMA-nın məxfilik və təhlükəsizlik standartlarını zəiflədə biləcəyini deyib və Apple-ın Avropa İttifaqının ən yüksək məhkəməsinə apellyasiya şikayəti vermək hüququ var.
Qeyd edək ki, DMA qaydalarını pozan şirkətlər illik qlobal dövriyyələrinin 10 faizinə qədər cərimə oluna bilərlər.






