İyulun 14-də "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Təhsilə yaxın, təhlükədən uzaq" layihəsi çərçivəsində Bakıda konfrans keçirib.

QHT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusilə Mühüm Tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova konfransda çıxış edib.

O uşaqların təhlükəsizliyi, valideyn məsuliyyəti və məktəblərdə aparılan profilaktik tədbirlərdən danışıb.

Kəmalə Ələkbərova tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd edib ki, son dövrlər dövlət qurumları ilə aidiyyəti təşkilatlar arasında əməkdaşlıq daha da genişlənib. Onun sözlərinə görə, keçirilən tədbirlər, monitorinqlər və maarifləndirici fəaliyyətlər artıq əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Baş inspektor bildirib ki, sosial şəbəkələr vasitəsilə keçirilən konfrans və tədbirləri izləyib, həmin tədbirlərdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının da iştirakını müşahidə edib. O vurğulayıb ki, görülən işlərin nəticələrinin ümumiləşdirilərək rəhbərliyə təqdim edilməsi və aidiyyəti məlumatların Baş İctimai Təhlükəsizlik İdarəsinə rəsmi qaydada göndərilməsi gələcək fəaliyyətin daha səmərəli koordinasiya olunmasına imkan verəcək.

Kəmalə Ələkbərova çıxışında uşaqlarla bağlı problemlərin əsas səbəblərindən birinin valideyn nəzarətinin zəifləməsi olduğunu diqqətə çatdırıb.

“Uşaqlarla bağlı bütün problemlərin kökündə ilk növbədə valideynin qayğısı və diqqəti dayanır. Valideyn məsuliyyəti və nəzarəti bu məsələdə əsas amillərdəndir”, – deyə o bildirib.

Baş inspektor qeyd edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları təhsil müəssisələrində ilboyu profilaktik tədbirlər həyata keçirirlər. Bu tədbirlər çərçivəsində məktəblərdə kəsici-deşici alətlərin və digər qadağan olunmuş əşyaların şagirdlər tərəfindən daşınmasının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır.

Onun sözlərinə görə, monitorinqlər DİN əməkdaşları, Təhsil İdarəsinin nümayəndələri və məktəb rəhbərliyinin iştirakı ilə həyata keçirilir.

Kəmalə Ələkbərova valideynlərə müraciət edərək uşaqların məktəbə gedərkən çantalarını yoxlamağın vacibliyini vurğulayıb.

“Çox xahiş edirəm, əziz valideynlər, nənələr və babalar, uşaqlarınız məktəbə gedərkən onların çantalarına mütləq nəzarət edin. Bu monitorinqlər demək olar ki, hər həftə həyata keçirilir. Məqsəd uşaqların təhlükəsizliyini təmin etmək və arzuolunmaz halların qarşısını almaqdır”, – deyə baş inspektor bildirib.

O əlavə edib ki, uşaqlara nəzarətsizlik gələcəkdə daha ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan ailə, məktəb və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edən Kəmalə Ələkbərova valideynləri övladlarına daha diqqətli olmağa çağırıb.