12 iyul 2026-cı il — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İstedadlar Akademiyası" layihəsi çərçivəsində qiraətçilik üzrə növbəti ustad dərsi baş tutub.
QHT.az xəbər verir ki, ilk növbədə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) layihənin məqsəd və vəzifələri barədə geniş məlumat verib. O, layihənin gənc istedadların üzə çıxarılması, onlarda bədii qiraət mədəniyyətinin formalaşdırılması və bacarıqlarının inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs edib.
Ustad dərsini şair-publisist, "Tərəqqi" medalı və "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı mükafatçısı Nəsibə İsrafilqızı təqdim edib.
Tədbirdə şəhid Ağacavad Mütəllimzadənin anası Nailə xanım Mütəllimzadə, Mayisə xanım Cəfərova, eləcə də valideynlər, uşaq və gənclər iştirak ediblər.
Çıxış edən şəhid anası Nailə xanım Mütəllimzadə tədbirin gənclərin mənəvi inkişafındakı rolunu vurğulayıb və xüsusilə məktəblilərin vətənpərvərlik ruhunda etdikləri çıxışları yüksək qiymətləndirib.
Mayisə xanım Cəfərova da öz növbəsində layihənin gənc nəslin dünyagörüşünün formalaşmasındakı və istedadlarının üzə çıxarılmasındakı önəmindən danışıb, belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
Ustad dərsinin gedişatında iştirakçı məktəblilər öz bədii qiraət bacarıqlarını nümayiş etdirərək, müəllimlərindən dəyərli tövsiyələr alıblar. Bununla yanaşı, şeir bacarığı olan bir neçə məktəbli rəqs bacarıqlarını da sərgiləyərək tədbirə xüsusi rəng qatıblar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.






