"Bu, çox əhəmiyyətli və dəyərli bir layihədir. Hesab edirəm ki, bu cür layihələr daha geniş miqyasda həyata keçirilməli, nəticələri isə detallı şəkildə araşdırılmalıdır".

QHT.az xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova iyulun 14-də "Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsilə yaxın, təhlükədən uzaq" layihəsi çərçivəsində keçirilən konfransda çıxışı zamanı deyib.

O risk qrupunda olan uşaqların müəyyən edilərək dövlətin müvafiq müdafiə və dəstək sisteminə inteqrasiya edilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, təqdim olunan layihə olduqca əhəmiyyətlidir və bu cür təşəbbüslərin daha geniş miqyasda həyata keçirilməsi, əldə olunan nəticələrin isə sistemli şəkildə təhlil olunması zəruridir.

Mehriban Zeynalovanın sözlərinə görə, təqdim edilən hallar göstərir ki, əsas problem ayrı-ayrı şəxslərdə deyil, sistem boşluqlarındadır. O qeyd edib ki, uşaqların “Biz nə etməliyik?” sualını verməsi onların lazımi müdafiə və dəstək mexanizmlərindən kənarda qaldığını göstərir.

Sədr Cəlilabadda Gülayə Səfərovanın çıxışında təqdim etdiyi iki uşaqla bağlı kifayət qədər risk indikatorlarının mövcud olduğunu diqqətə çatdıraraq bildirib ki, ağır fiziki əməyə cəlb edilən və istismar riski ilə üzləşən uşaqlarla bağlı faktlar aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.

Mehriban Zeynalova təklif edib ki, aşkar olunan bütün risk qrupuna aid uşaqlarla bağlı məlumatlar sistemli şəkildə müvafiq dövlət qurumlarına təqdim edilsin. Onun fikrincə, bu məlumatlar Elm və Təhsil Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə və zərurət yarandıqda səhiyyə qurumlarına çatdırılmalı, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilərək onlar vahid müşahidə sisteminə daxil edilməlidirlər.

O vurğulayıb ki, bu uşaqlar sistemə daxil edildikdən sonra onların vəziyyəti davamlı izlənilməlidir. Əks halda, həmin uşaqlar yenidən nəzarətdən kənarda qala, əməyə cəlb oluna və ya müxtəlif istismar formalarının qurbanına çevrilə bilərlər.

Çıxışında aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edən Mehriban Zeynalova bildirib ki, bütün məlumatlar vahid sistemdə toplanmalı, hər bir uşaq üzrə davamlı monitorinq aparılmalıdır. Onun sözlərinə görə, problemin həlli yalnız təhsil, səhiyyə, sosial xidmətlər və hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.

Mehriban Zeynalova həmçinin vurğulayıb ki, layihənin təsiri yalnız icra müddəti ilə məhdudlaşmamalıdır. O hesab edir ki, layihə başa çatdıqdan sonra da risk qrupunda olan uşaqların vəziyyəti izlənilməli, görülən tədbirlərin effektivliyi qiymətləndirilməlidir.

M.Zeynalova sonda layihəyə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edərək bildirib ki, cəmiyyətin belə təşəbbüslərə böyük ehtiyacı var. Onun sözlərinə görə, əsas məqsəd risk qrupunda olan uşaqları vaxtında müəyyən etmək, onları dövlət dəstək sisteminə cəlb etmək, zəruri xidmətlərlə təmin etmək və uzunmüddətli müşahidəni təşkil etməkdir.