1992-ci ildə Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində ermənilərin hücumları nəticəsində amansızcasına qətlə yetirilən 613 azərbaycanlı soydaşımızı bu gün Türkiyənin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkında Bornova Bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi birgə anım tədbiri keçirdi.

QHT.az xəbər verir ki, bu barədə İzmir Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Eşrəf Tuna məlumat verib. Onun sözlərinə görə, tədbirdə Bornova Bələdiyyə Başçısı Ömər EŞKİ, Bornova Kaymakamı Muzaffer Şahiner, Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyə üzrə müşaviri Cavid İsmayıl, CHP-nin sabiq İzmir millət vəkili Atilla Sertel, CHP Bornova İlçe İdarə Heyətinin üzvləri, İYİ Partiya Bornova İlçe Başçısı Oğuzhan Yar və idarə heyəti üzvləri, AKP İlçe Başçısı Cihan Dağlıer və idarə heyəti üzvləri, MHP İlçe Başçısı Turan Otlu və idarə heyəti üzvləri, Zəfər Partiyası İl İdarə Heyətinin üzvləri, Anahtar Partiyası və İlçe İdarə Heyətinin üzvləri, siyasi partiyaların bələdiyyə məclis üzvləri, QHT-lərin dəyərli rəhbərləri, Əhlibeyt Cami Dərnəyi Başçısı Tamer Güzelkaya, məhəllə muxtarları, çoxsaylı media nümayəndələri və vətəndaşlarımız iştirak etdilər:

"Əhlibeyt cami imamı Abdullah Şabahat tərəfindən Quranı-Kərim oxundu, şəhidlərimiz üçün ehsan paylandı və Xocalı şəhidlərinin foto sərgisi təşkil olundu. Həmin axşam Bornova meydanında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş 613 cüt ayaqqabı sərgisi keçirildi. Həm Azərbaycan, həm də Türkiyənin İstiqlal marşları səsləndirildi və çıxışlar edildi. Başda Bornova Bələdiyyəsi olmaqla, əməyi keçən hər kəsə sonsuz təşəkkür edirəm".