2024-cü ilin 28-30 noyabr tarixlərində Türkiyənin Ankara şəhərində, Türkiyə Ədliyyə Nazirliyinin ev sahibliyi və Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) təşkilatçılığı ilə Beynəlxalq Mediasiya Konfransı keçirilib. Tədbirdə 10 ölkədən 135 mediator daxil olmaqla, 600-dən çox iştirakçı qatılıb.
QHT.az xəbər verir ki, Konfransda institusional əməkdaşlıq protokolu imzalanıb. Bu protokol çərçivəsində 10 ölkə arasında mediasiya sahəsində təlim, tədqiqat, elmi nəşrlər və normativ aktların inkişafı istiqamətində əməkdaşlıq ediləcək. Sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Failə Abbasova tədbirdə iştirak edərək mediasiya prosesində beynəlxalq təcrübələri və yenilikləri bölüşüb. Konfrans zamanı müxtəlif ölkələrdən nümayəndələr mediasiya sahəsində öz təcrübələrini təqdim edib, o cümlədən Türkiyə mediasiyada süni intellekt imkanlarını, Qazaxıstan isə cinayət icraatlarında mediasiya təcrübəsini müzakirə edib.
Konfrans iştirakçıları mediasiyanın mübahisələrin məhkəmədənkənar həllində effektiv model olduğunu vurğulayıblar. Failə Abbasova tədbirin tərəfdaşlıq və təcrübə mübadiləsi üçün önəmini qeyd edib.
Pərvanə Fərhadqızı










