Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən «Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili» layihəsinin icrası uğurla davam edir. 
 

QHT.az xəbər verir ki, layihə çərçivəsində artıq üçüncü aydır ki, genderəsaslı zorakılıqdan zərərşəkmiş qadın və uşaqlara xidmət göstərən sığınacaq fəaliyyət göstərir.
Sığınacaqda genderəsaslı zorakılıqdan zərərçəkmiş qadın və uşaqlara  psixo-sosial  dəstək göstərilir, ehtiyacı olanlar  təhlükəsiz sığınacaqla təmin edilirlər. 
Layihənin gender-eksperti Südabə Məmmədova  bildirib ki, sığınacağın fəaliyyəti, yalnız təhlükəsiz məkana çıxışı təmin etmir, eyni zamanda regionda zorakılığa məruz qalmış qadın və uşaqların  sosial reinteqrasiyası,  hüquqi maarifləndirilməsi və iqtisadi gücləndirilməsi  üçün mühüm imkanlar yaradır. 

 

Eyni zamanda layihə çərçivəsində maliyyənin idarə edilməsi ilə bağlı texniki iclas keçirilib. İclasda layihə komandasının üzvləri iştirak edib. Tədbirdə dövr üzrə maliyyə hesabatı təqdim edilib və layihə çərçivəsində həyata keçirilmiş xərclərin struktur təhlili aparılıb.
 

Maliyyə şəffaflığının təmin olunması, daxili nəzarət mexanizmlərinin tətbiqi və onların effektivliyi ilə bağlı təkliflər müzakirə edildi. Həmçinin, mövcud və potensial riskləri müəyyənləşdirərək, həmin risklərin azaldılması üçün uyğun strategiyalar təqdim edildi.