Azərbaycan Respublikasının Prezidentinin imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı qaydalarda edilən dəyişikliklər, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişaf üçün mühüm alətə çevrilir.

Bu barədə QHT.az-a açıqlamasında İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov bildirib.

Professorun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı müvafiq fərmana əsasən həyata keçirilən dəyişikliklər Qarabağ və Şərqi Zəngəzurda vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə şərait yaradır. Bu isə bölgədə sosial və iqtisadi mühitin inkişafına ciddi töhfə verə bilər:

"Sosial-iqtisadi mühitin inkişafı baxımından mənzil təminatı və mənzilə çıxış imkanlarının mövcudluğu çox vacib məsələdir. Hesab edirəm ki, bu Fərman nəticəsində həmin ərazilərdə mənzil əlçatanlığı ilə bağlı problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq. Mənzil təminatının yaxşılaşdırılması bölgədə işgüzar fəallığın stimullaşdırılmasına, sosial və humanitar infrastrukturun formalaşmasına da imkan verəcək.Bütövlükdə həmin ərazilərdə məskunlaşmanın artması, əmək resurslarının bölgəyə cəmlənməsi həm sosial, həm də iqtisadi inkişaf baxımından müsbət təkan olacaq."

Ekspert hesab edir ki, bu addımlar, Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı şəkildə inkişaf etdirilməsində mühüm rol oynayacaq və Böyük Qayıdış prosesini daha da sürətləndirəcək.

 

Pərvanə Fərhadqızı