Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq.
Bəs bu dəyişikliklərin bölgədə sosial-iqtisadi inkişaf və daimi məskunlaşma baxımından hansı real nəticələri ola bilər? Bu, hansı dövrdə öz təsirini göstərə bilər?
Məsələ ilə bağlı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimlinin fikirlərini öyrəndir. O bildirib ki, bu dəyişikliklər Zəngəzur və Qarabağ iqtisadi zonasının potensialını genişləndirəcək və bölgədə məskunlaşma prosesinə müsbət təsir göstərəcək. Ekspertin fikrincə, bu imkanlardan yalnız yerli əhali deyil, digər bölgələrdən olan Azərbaycan vətəndaşları da yararlanmaq istəyəcək:
"Bilirik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, iqtisadi inkişaf və biznes imkanları yaradılır. Bu baxımdan düşünürəm ki, gələcəkdə həmin ərazilərdə həm iş qurmaq, həm də yaşamaq və istirahət üçün geniş imkanlar yaranacaqdır. Bu ipoteka proqramı məskunlaşma prosesini daha da sürətləndirəcək. Şəxsən mən özüm də belə bir şəraitdən yararlanmaq fikrindəyəm və gələcəkdə düşünürəm ki, orada həm yaşayış, həm də istirahət məqsədilə güzəştli ipoteka kreditlərindən və mənzillərdən istifadə etmək daha məqsədəuyğun olar. Bu, eyni zamanda həmin bölgənin iqtisadi imkanlarına və ümumilikdə iqtisadi inkişafına da müsbət təsir göstərəcəkdir".
Pərvanə Fərhadqızı












