İrlandiyada aparılan yeni araşdırma qəhvənin sağlamlığa təsirinin yalnız kofeinlə bağlı olmadığını ortaya qoyub. Alimlər bildirir ki, həm kofeinli, həm də kofeinsiz qəhvə insan orqanizminə fərqli, lakin bir-birini tamamlayan təsirlər göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırma University College Cork alimləri tərəfindən həyata keçirilib. Tədqiqat çərçivəsində 31 müntəzəm qəhvə istehlakçısı və 31 qəhvə içməyən şəxs üzərində müşahidələr aparılıb.

İlkin nəticələr göstərib ki, fiziki aktivlik, yuxu və əhval-ruhiyyə baxımından qruplar arasında ciddi fərq olmasa da, qəhvə içənlərin qanında və bağırsaq mikrobiomunda müəyyən immun dəyişikliklər müşahidə edilib.

Hər iki növ qəhvə fərqli faydalar verir
Təcrübənin növbəti mərhələsində iştirakçılar müvəqqəti olaraq qəhvə içməyi dayandırıb, daha sonra isə kofeinli və kofeinsiz qəhvə qruplarına bölünüb. Nəticələr hər iki növ qəhvənin stress və iltihabı azaltmağa və koqnitiv performansı yaxşılaşdırmağa kömək etdiyini göstərib.

Araşdırmaya görə, kofeinli qəhvə daha çox diqqət və stress idarəsini artırır, kofeinsiz qəhvə isə yaddaş, yuxu keyfiyyəti və fiziki aktivliyə müsbət təsir göstərir.

Əlavə tədqiqatlara ehtiyac var
Mütəxəssislər qeyd edir ki, qəhvənin bağırsaq-beyin əlaqəsinə təsiri mühüm tapıntıdır, lakin bu mexanizmlərin tam izahı üçün əlavə elmi araşdırmalar tələb olunur.

Piranə Xasiyeva