Bu gün Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik konfrans keçirilib. Tədbirdə bir çox yerli və xarici mütəxəssislər iştirak edib, sümük iliyi transplantasiyasının nailiyyətləri və gələcək perspektivləri müzakirə olunub.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. Ayaz Hüseynov qeyd edib ki, bu kimi tədbirlər tibb sahəsində yeniliklərin və qabaqcıl təcrübələrin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır və mütəxəssislərin təcrübə mübadiləsinə imkan yaradır.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyədən, Rusiya Federasiyasından, Qazaxıstandan və Belarusdan olan ümumilikdə 150-dən çox mütəxəssis iştirak edib. Tədbirin açılış mərasimində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbər şəxsləri çıxış ediblər. TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxış edərək bildirib ki, Yeni Klinikada transplantalogiya şöbələri yaradılıb və onların bəzilərinin fəaliyyəti üçün icazələr alınıb:

“Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək. Azərbaycanda bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramı var və həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir. Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq”.