Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a özəl açıqlamasında Qarabağ Universitetinin gələcək fəaliyyəti və ölkə iqtisadiyyatına töhfəsi barədə fikirlərini bölüşüb. O, universitet qarşısında qoyulan tələblərin və çağırışların Azərbaycan iqtisadiyyatının tarazlı və dayanıqlı inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Professor qeyd edib ki, müasir dövrdə ölkə yeni geosiyasi və iqtisadi reallıqlarla üz-üzədir. Bu səbəbdən Qarabağ Universitetində yüksək texnoloji və tutumlu ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi vacibdir:
"Düşünürəm ki, Qarabağ Universitetində daha çox yüksək texnoloji, yüksək tutumlu ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilməlidir. İlk növbədə fokuslaşmalıdır texnoloji istiqamətlərə, çünki bu gün ölkə iqtisadiyyatında sənayeləşmə və yüksək texnoloji sahələrin inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı çağırışlar var."
Elşad Məmmədov eyni zamanda azad olunmuş ərazilərin inkişafı ilə əlaqədar regional səviyyədə yüksək texnoloji ixtisaslar üzrə mütəxəssis hazırlığının vacibliyini də vurğulayıb. Onun fikrincə, Qarabağ Universiteti bu çağırışlara uyğun olaraq öz fəaliyyətində adekvat addımlar atmalı və prioritetlərə üstünlük verməlidir.
Pərvanə Fərhadqızı
QHT.az










