“Analıq hər bir cəmiyyətin ən dəyərli institutlarından biridir. Lakin bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bir sıra analar yoxsulluq, sosial çətinliklər, psixoloji gərginlik və zorakılıq riski ilə üzləşirlər. Anaların üzərinə düşən məsuliyyətin ağırlığı nəzərə alınaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir.

Xüsusilə çoxuşaqlı ailələrdə, tək analar, qaçqın və məcburi köçkün qadınlar, eləcə də kənd və ucqar ərazilərdə yaşayan analar daha həssas vəziyyətdədirlər. Onların keyfiyyətli səhiyyə xidmətlərinə, psixoloji dəstəyə, məşğulluq imkanlarına və hüquqi yardıma əlçatanlığının artırılması mühüm əhəmiyyət daşıyır.

Doğuşdan sonrakı depressiya, emosional tükənmə və digər psixoloji problemlər hələ də kifayət qədər diqqət mərkəzində deyil. Eyni zamanda, məişət zorakılığı, psixoloji təzyiq və iqtisadi asılılıq təkcə qadınların hüquqlarını pozmur, həm də uşaqların sağlam inkişafına ciddi mənfi təsir göstərir. Bu səbəbdən qadınların təhlükəsizliyinin təmin edilməsi və zorakılığın qarşısının alınması istiqamətində kompleks tədbirlərin davam etdirilməsi vacibdir.

Qadınlar və Müasir Dünya Mərkəzi olaraq 27 il ərzində qadın hüquqlarının müdafiəsi, yoxsulluğun azaldılması, hüquqi maarifləndirmə və həssas ailələrin dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirmişik. İnanırıq ki, anaların rifahına investisiya qoymaq cəmiyyətin və gələcək nəsillərin inkişafına investisiya qoymaq deməkdir.

Hesab edirəm ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və yerli icmalar bu istiqamətdə səylərini birləşdirməlidirlər. Hər bir ana ləyaqətli həyat, keyfiyyətli səhiyyə xidməti, psixoloji dəstək və zorakılıqdan uzaq təhlükəsiz mühitdə yaşamaq hüququna malikdir. Analara göstərilən qayğı ailələrin, uşaqların və bütövlükdə ölkənin gələcəyinə göstərilən qayğıdır.”

Zəhra Ağayeva