Samsung Electronics şirkətinin smartfon, televiziya və məişət texnikası bölməsində çalışan işçilər iyulun 16-da şirkətin çip istehsalı bölməsi əməkdaşlarına verilən yüksək bonuslara etiraz olaraq kütləvi aksiya keçirəcəklər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Həmkarlar ittifaqının yaydığı məlumata görə, etirazın səbəbi yarımkeçirici (çip) bölməsinin işçilərinin bu yaxınlarda başqa bir həmkarlar ittifaqının rəhbərliyi ilə daha sərfəli əməkhaqqı razılaşması əldə etməsidir.

Məlumata əsasən, qeyri-çip bölməsində çalışan əməkdaşlara 2026-cı il üçün 6 milyon Cənubi Koreya vonu (təxminən 3 900 ABŞ dolları) dəyərində şirkət səhmləri şəklində bonus veriləcəyi gözlənilir. Halbuki çip bölməsinin bəzi əməkdaşlarının bonusları 600 milyon vona qədər yüksələ bilər.

Yonhap agentliyinin məlumatına görə, Samsung-un mobil cihazlar və istehlak elektronikası bölməsinin ən böyük həmkarlar ittifaqının təşkil etdiyi aksiyada 2–3 min nəfərin iştirak edəcəyi gözlənilir. Etiraz şirkətin Suvon şəhərində yerləşən qərargahı yaxınlığında keçiriləcək. Həmin həmkarlar ittifaqının təxminən 28 min üzvü var.

Digər tərəfdən, Samsung Electronics-un çərşənbə axşamı açıqlayacağı aprel–iyun dövrünə dair maliyyə nəticələrində əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18 dəfə artdığı barədə proqnoz verilir.