Bu gün informasiya, rəqəmsal texnologiyalar həyatın bütün sahələrinə nüfuz edib. Təsadüfi deyi ki, hazırkı durum texnologiya dövrü kimi xarakterizə olunur. İnternet, sosial media platformaları, mobil rabitə və süni intellekt texnologiyalarının inkişafı informasiya mübadiləsini misilsiz dərəcədə sürətləndirib. Bu, məlumat əldə etmək imkanlarını genişləndirsə də, informasiya təhlükəsizliyi ciddi problemə çevrilib. Ona görə də informasiya təhlükəsizliyi ilə bağlı yeni çağırışlar günümüzün əsas trendlərindən biridir.

Müasir dövrdə əsas təhlükələrdən biri informasiya mühitində qarşılaşılan “çirklilik” bu yolla ideoloji təxribatların dairəsinin genişlənməsinə cəhddir. İctimai rəylə manipulyasiya, düşüncə və real həyata həyata təsir etmək, sabit ictimai davranışı dəyişmək saxta məlumatların əsas hədəfləridir.

Rəqəmsal texnologiya bu təsiri asanlaşdırır, saxta məlumatların sosial əhatə dairəsini daha da genişləndirir. Bu əlçatanlığın əsas hədəflərindən biri də ideoloji təxribat hazırlamaq və ictimai proseslərə yön verilməsidir.

Buna görə də informasiya təhlükəsizliyi artıq yalnız texniki və ya kibertəhlükəsizlik məsələsi deyil. O, intellektual səviyyənin artırılması üçün media savadlılığı və məlumatların düzgün analizi kimi mühüm bacarıqların öyrənilməsini zəruri edir.

İdeoloji təxribat dedikdə cəmiyyətin və fərdlərin düşüncəsinə, dəyərlərinə, baxışlarına və ictimai mövqeyinə təsir göstərməyə yönəlmiş məqsədyönlü informasiya fəaliyyətləri nəzərdə tutulur. Bu fəaliyyətlər müxtəlif kommunikativ alətlər vasitəsi ilə həyata keçirilir. Bununla maraqlı subyekt öz ideyalarının və baxışlarının qəbul edilməsinə çalışır. Təbii ki bu, hər zaman uğurlu olmaya bilər. Yəni hazırlıqlı cəmiyyət və ya intelektual səviyyəsinə, media savadlılığına görə təxribat törətmək istəyən subyektdən daha üstün fərdlər, sosial qrupla həmin baxışları rədd edə bilir. Bununla bağlı müxtəlif statsitikalar da mövcuddur.

Onu qeyd etmək lazımdır ki, ideoloji təsir vasitəsi kimi də kommunikativ alətlər xüsusi əhəmiyyət daşıyır. İdeoloji təsirləri hər zaman zərərli hesab etmək düzgün deyil. Burada əsas nüans ideoloji təsirin ideoloji təxribat arasındakı incə fərqin aydınlaşdırılmasıdır. Bunu analiz etmək üçün isə zəruri elementlərdən biri media savadlılığıdır.

Yəni maarifləndirmə, vətənpərvərlik, hüquqi biliklərin artırılması və sosial məsuliyyətin təbliği də kommunikativ alətlərdən istifadə etməklə ideoloji fəaliyyət göstərmək olar. Lakin bu alətlərdən istifadə təxribat məqsədi daşıyarsa, bu artıq manipulyativ fəaliyyətdir və bu faktı digərindən ayırmaq zəruridir.

O cümlədən “fake news”a diqqətlə baxmaq vacibdir. Bu termin qəsdən hazırlanmış və həqiqəti əks etdirməyən məlumatların xəbər formatında təqdim olunmasını ifadə edir. Bu məlumatlar bəzən tamamilə uydurma olur, bəzən isə real faktların təhrif edilmiş formada təqdim olunmasına əsaslanır. Onun da xüsusi diqqətlə izlənilməsi və ayırd edilməsi əsas şərtdir.

“Fake news” anlayışı yanlış məlumatlarla da eyniləşdirilməməlidir. Çünki bəzən xəbəri hazırlayan və yaxud yayan subyekt texniki səhvə də yol verə bilər. Bu halda məqsəd aldatmaq deyil, yanlışlıqdır və sonradan düzəldilə bilər.

“Fake news” isə konkret məqsədləri olan təsir mexanizmidir və məqsədli şəkildə hazırlanır. Onun xüsusi elementi isə diqqəti cəlb edən sensasiyalı başlıqlar, emosional ifadələrdən geniş istifadə, mənbənin göstərilməməsi və ya qeyri-müəyyən təqdim olunması, faktların kontekstdən çıxarılması, fotoların və videoların manipulyasiya edilməsi və sürətli paylaşımdır. Belə xəbərlər ilk baxışdan inandırıcı görünür.

Müasir informasiya mühitində istər  “fake news”, istərsə də ideoloji təxribatlar əsasən emosiyalar üzərində qurulur. Cəmiyyəti, onun müxtəlif sosial qruplarını qorxu, narahatlıq, həyəcan və ya qəzəb hisslərini manipulyasiya yolu ilə onların emosional hisslərinin dominantlığına təsir edilir. Emosiya isə məlumatın sürətli yayılmasını təmin edir.

Psixologiyada sübut olunur ki, emosional xarakter daşıyan xəbərlər insanların yaddaşında uzun müddət qalır və onların qərarverməsinə daha güclü təsir göstərir. Davamlı emosional gərginlik və bunun müqabilində yayılan “fake news” məlumatlar cəmiyyətin və ya müxtəlif sosial qrupların ətrafında öz “torunu” hörür. Bundan sonrakı mərhələdə isə müxtəlif maraqlara xidmət edən təxribatlar başlayır.

Rəqəmsal platformaların alqoritmləri də elə qurulub ki, insanların daha çox maraq göstərdiyi mövzuları ön plana çıxarır. Bununla da alt məqsədi təxribat olan emosional məzmunlu məlumatlar daha sürətlə yayılır və əhatə dairəsi genişlənir. Nəticədə manipulyasiya imkanları genişlənərək, ideolji təxribatların təsir gücünü artırır.


İnformasiya manipulyasiyasının psixoloji əsasları

İnsan beyni məlumatları həmişə tam rasional şəkildə qiymətləndirmir. Psixoloji araşdırmalar göstərir ki, insanlar öz əvvəlki baxışlarına uyğun gələn məlumatları qəbul etməyə daha meyllidirlər. Bu xüsusiyyət “təsdiqləmə meyli” kimi tanınır.

Digər tərəfdən, tez-tez təkrarlanan məlumat zaman keçdikcə insanlara daha inandırıcı görünə bilər. Bu səbəbdən eyni yanlış məlumat müxtəlif platformalarda dəfələrlə paylaşılaraq həqiqət təsiri formalaşdırmağa çalışır.

Manipulyasiya zamanı qorxu, narahatlıq və təcili qərar vermək hissi yaradılması da geniş istifadə olunan üsullardandır. Belə vəziyyətlərdə insanlar məlumatı yoxlamaq əvəzinə onu paylaşmağa üstünlük verirlər.

İnformasiya sistemlərinin sürətli inkişafına görə  müasir dövrdə ideoloji təxribatların və “fake news” xarakterli məlumatların qarşısının alınması yalnız texniki vasitələrlə mümkün deyil. Bu istiqamətdə ən vacib amillərdən biri cəmiyyətin informasiya mədəniyyətinin yüksəldilməsi, media savadlılığının artırılması və məlumatların tənqidi təhlil edilməsi bacarığının formalaşdırılmasıdır. Rəqəmsal platformaların hər kəs üçün əlçatan olduğu bir şəraitdə hər bir istifadəçi informasiya məkanının aktiv iştirakçısına çevrilib. Bu isə informasiyanın istehlakçısı olmaqla yanaşı, onun yayılmasına görə də müəyyən məsuliyyət yaradır.

Müasir informasiyanın çoxşaxəli xarakteri

Klassik təbliğat üsullarından fərqli olaraq müasir informasiya sistemləri daha mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Onlar rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə daha geniş auditoriyaya çatır.
Sosial media platformaları informasiya mübadiləsini demokratikləşdirərək hər bir istifadəçiyə məzmun yaratmaq və paylaşmaq imkanı verir. Bu imkanlar cəmiyyət üçün mühüm üstünlüklər yaratsa da, eyni zamanda yanlış məlumatların sürətlə yayılması riski də artır.

Bir xəbər dəqiqələr ərzində milyonlarla istifadəçiyə çatmaq gücündədir. Paylaşım sayı artdıqca həmin məlumat daha çox istifadəçinin qarşısına çıxır. Xəbərin mahiyyəti təxribat və ya “fake news”dursa artıq onun təsir dairəsinə verdiyi mənfi emosiya populyarlıq baxımından düzgün və həqiqəti əks etditən informasiyadan daha tez ötürülür. Ona görə də xəbərin poulyarkığından çox onun doğruluğuna əminlik əsas şərt kimi istifadəçidə maraq oyatmalıdır.

Müşahidələrə əsasən demək olar ki, bir çox hallarda istifadəçilər xəbəri yalnız sensasion başlıqların təsiri altında paylaşırlar. Bu zaman mətn və mənbə arxa plana keçir. Mətnin tam oxunmaması və mənbənin yoxlanılmaması ilə istifadəçi bilərəkdən və ya bilməyərəkdən dezinformasiyanın daha da geniş yayılmasına şərait yaradır və bu prosesin iştirakçısına çevrilir.


Bəs necə qorunmaq olar?

İdeoloji təxribatlardan və ya “fake news”dan qorunmanın ilk şərti məlumat mənbələrinin düzgün seçilməsidir. Etibarlı informasiya adətən şəffaf redaksiya siyasətinə malik media qurumları, rəsmi açıqlamalar, elmi tədqiqatlar və peşəkar jurnalistika prinsiplərinə əməl edən informasiya resursları tərəfindən təqdim olunur.

Buna görə də xəbər istehlakçısı olan sosial şəbəkə platformalırının istifadəçiləri xəbərin yayımlandığı platformanın etibarlılığına xüsusi ilə diqqətlə yanaşmalıdır. Müəllifi məlum olmayan və ya mənbə göstərilməyən məlumatlara xüsusi ehtiyatla yanaşmalıdırlar.

Məlumatın yoxlanılması müasir informasiya təhlükəsizliyinin əsas elementlərindən biridir. Hər hansı mühüm xəbər yalnız bir mənbədə yayımlanırsa, onun doğruluğunu təsdiqləyən əlavə mənbələrin araşdırılması vacibdir. Etibarlı informasiya resurslarında eyni hadisənin necə təqdim olunduğunu müqayisə etməklə obyektiv təsəvvür formalaşdırılması mümkündür. Bu yanaşma eyni zamanda emosional düşüncəni deyil, faktları ön plana çıxaracaq.

Media savadlılığı cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlığını gücləndirən ən mühüm istiqamətdir. Media savadlılığı yalnız xəbəri oxumaq bacarığı deyil, həm də onun hazırlanma üsulunu, istifadə olunan vizual materialları, statistikanı, mənbələri və məqsədi təhlil etmək vərdişidir. Bu bacarıqların məktəblərdə, ali təhsil müəssisələrində, media qurumlarında və müxtəlif maarifləndirici layihələr çərçivəsində inkişaf etdirilməsi də günümüzün vacib mövzularındandır.

Tənqidi düşüncə eyni zamanda ideoloji manipulyasiyaya qarşı ən mühüm müdafiə vasitəsidir. Tənqidi düşünən şəxs qarşılaşdığı məlumatı dərhal qəbul etmir, onu suallar əsasında qiymətləndirir. Məlumatın mənbəyi kimdir, faktlar hansı sübutlara əsaslanır, alternativ mənbələr nə deyir və məlumatın yayılmasında hansı məqsəd ola bilər kimi suallar ətrafında düşünməyə başlayır. Bu yanaşma emosional reaksiyaların deyil, məntiqi təhlilin üstünlük qazanmasını təmin edir.

Sosial şəbəkə və vətəndaş məsuliyyəti...

Rəqəmsal platformaların məsuliyyəti də informasiya təhlükəsizliyi sisteminin vacib elementlərindən biridir. Son illərdə bir çox platformalarda saxta hesabların aşkarlanması, avtomatlaşdırılmış bot şəbəkələrinin məhdudlaşdırılması, manipulyasiya edilmiş media fayllarının işarələnməsi və istifadəçilərin şikayət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müxtəlif alətlər tətbiq edilir. Bu tədbirlər informasiya mühitinin sağlamlaşdırılmasına töhfə verir, informasiya çirkliliyinə qarşı müsbət təsir edir.

Süni intellektin inkişafı ilə yeni imkanlar, yeni çağırışlar yaradıb. Bir tərəfdən süni intellekt saxta foto, video və mətnlərin hazırlanmasını asanlaşdıra bilir, digər tərəfdən isə eyni texnologiyalar manipulyasiya edilmiş məzmunun aşkarlanması, faktların avtomatik yoxlanılması və şübhəli informasiya axınının müəyyənləşdirilməsi üçün də istifadə olunur. Buna görə gələcəkdə informasiya təhlükəsizliyi sahəsində süni intellekt əsas texnoloji vasitələrdən birinə çevriləcək.

İnformasiya təhlükəsizliyinin təmin edilməsində dövlət qurumları, media subyektləri, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları və vətəndaşların qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Maarifləndirici layihələrin həyata keçirilməsi, media savadlılığı üzrə təlimlərin təşkili, elmi araşdırmaların genişləndirilməsi və peşəkar jurnalistika standartlarının təşviqi cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlığını artıracaq.

Peşəkar jurnalistika prinsiplərinə sadiqlik də dezinformasiyanın təsirinin azalmasında mühüm rol oynayır. Məlumatın dəqiqləşdirilməsi, müxtəlif mənbələrdən təsdiqlənməsi, balanslı təqdim edilməsi və etik normalara riayət olunması cəmiyyətin etibarlı informasiya ilə təmin edilməsinin əsas şərtlərindəndir.

Rəqəmsal etik davranış da müasir dövrdə xüsusi aktuallıq qazanıb. İstifadəçilər paylaşdıqları hər bir məlumatın mümkün nəticələrini nəzərə almalı, doğruluğuna əmin olmadıqları xəbərləri yaymamalı və emosional manipulyasiyaya əsaslanan məzmunlara ehtiyatla yanaşmalıdırlar. Sadə görünən bir paylaşım belə çox qısa müddətdə geniş auditoriyaya çataraq yanlış informasiyanın yayılmasına səbəb ola bilər. Buna görə məsuliyyətli informasiya paylaşımı hər bir vətəndaşın rəqəmsal davranış mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, vətəndaş məsuliyyətinin dərk edilməsi adi düşüncə tərzinə çevrilməlidir.

Sağlam informasiya mühiti cəmiyyətin davamlı inkişafının mühüm şərtidir.

QEYD: Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” layihəsi çərçivəsində hazırlanıb.