Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şamil Nəcəfov 4 fevral 1997-ci ildə Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil alıb. 2018-ci ildə bakalavrı bitirərək, magistratura təhsilinə başlayıb və 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsi alıb. Magistr təhsilini bitirdikdən sonra 2020-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılan Şamil Nəcəfov 27 sentyabrda başlanan Vətən müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və 1 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şamil Nəcəfov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!