Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Bədəlov 2000-ci il martın 6-da Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, İdmana da marağı olan Elməddin güləşdəki uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə sevinclə yola düşərək, ön cəbhədə qulluq edib. Hərb sahəsinə marağı olduğu üçün müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanıb. 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində fəallıq göstərib. Kəşfiyyatçı kimi düşmənin arxasına keçərək, təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. O, 29 sentyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elməddin Bədəlov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!