Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıq verilib. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, qərar İranda yaranmış müharibə şəraiti və təhlükəsizlik riskləri ilə əlaqədar qəbul olunub. Bu addım İran-Azərbaycan münasibətlərində müəyyən gərginlik yarada bilər. Eyni zamanda, hər iki tərəf üçün qarşılıqlı etimadın qorunması məsələsi aktuallaşır.
Mövzu ilə bağlı Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.
Rauf Zeyninin sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı verilən tapşırıqlar təhlükəsizlik tədbirləri ilə bağlıdır.
R.Zeyni bildirib ki, səfirlik və konsulluq əməkdaşlarının təxliyəsi bölgədə yaranmış müharibə şəraiti ilə əlaqədardır və bu, təbii addımdır. Onun dediyinə görə, bu addımı yalnız Azərbaycan deyil, bir çox ölkə atır.
Sədr bildirib ki, xarici dövlətlər öz vətəndaşlarına İran ərazisini tərk etməyi tövsiyə edib və bir sıra ölkələrin vətəndaşları Astara, Türkiyə və başqa vasitələrlə ölkəni tərk edir.
Rauf Zeyni vurğulayıb ki, “bu addımlar İran müharibəsi ilə bağlı təhlükəsizlik tədbirləridir və bu, təbii prosesdir".
O əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar müxtəlif ölkələr öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə oxşar qərarlar qəbul edir.
Müsahibimiz qeyd edib ki, “Səfirlik əməkdaşlarının təxliyəsi ölkələr arasındakı münasibətlərə təsir etmir, münasibətlərə təsir edən əsas amillər müharibənin nəticələri ilə bağlıdır”.
Sədr bildirib ki, mövcud vəziyyətin nə qədər davam edəcəyi bəlli olmadığından dövlətlər ehtiyat tədbirlərini gücləndirir və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır.
Fatimə Nəbiyeva






