İranın məhz Naxçıvan Hava Limanını hədəf almasının arxasında bir neçə strateji səbəb dayanır.

Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az -a açıqlamasında bildirib.

"Birincisi, Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən coğrafi olaraq ayrıdır və əsas əlaqə vasitələrindən biri məhz hava nəqliyyatıdır. Hava limanının hədəfə alınması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında logistikanı və əlaqəni zəiflətmək məqsədi daşıyır. Bu metod region üçün yeni deyil – 90-cı illərdə Ermənistan da Naxçıvanın blokadası zamanı məhz kommunikasiya xətlərinin kəsilməsi taktikasından istifadə edirdi.

İkincisi, bu addım Zəngəzur dəhlizi məsələsi ilə də əlaqələndirilə bilər. İran uzun müddətdir ki, regionda yeni nəqliyyat dəhlizlərinin – xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur marşrutunun – açılmasına qarşı çıxıb. Çünki belə bir dəhliz İranın regiondakı tranzit və geosiyasi rolunu zəiflədə bilər.

Üçüncüsü, bu cür hədəflər həm də psixoloji və siyasi mesaj xarakteri daşıyır. Göründüyü kimi məqsəd Zəngəzur dəhlizi kimi alternativ nəqliyyat layihələrinə qarşı geosiyasi təzyiq göstərmək və regionda strateji mesaj verməkdir. Düşündürücü məqam isə bu ideyanın arxasında təkcə İranın deyil, müəyyən maraqları olan digər dövlətlərin də dolayısı ilə dəstəyi ehtimalının müzakirə olunmasıdır.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan müstəqilliyini qoruyan güclü dövlətdir. Ölkəmizin beynəlxalq aləmdə geniş tərəfdaş şəbəkəsi, strateji müttəfiqləri və regional nüfuzu var. Bu amillər Azərbaycanın təhlükəsizliyinin və dövlət suverenliyinin qorunmasında mühüm rol oynayır və göstərir ki, belə təzyiqlər Azərbaycanın mövqeyini dəyişə bilməz."