Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 31-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı giziri olan Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində anadan olub. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Zaur Ələsgərli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə, "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












