"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, “Sara Xatun” İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Gədəbəy şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. 
QHT.az xəbər verir ki, Zəfər gününə həsr olunmuş səfərin keçirilməsində məqsəd vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğı göstərmək, işğaldan azad edilmiş torpaqlarımıza baş çəkmələrinə şərait yaratmaqdır. 
Səfər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı da onlara qeyd edilib. Həmçinin mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub. 
Qeyd edək ki, şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Bülbülün ev muzeyini ziyarət ediblər, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri ilə tanış olublar. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib. Bu səfərlər regionlardan olan şəhid ailələri üçün təşkil olunur.


Pərvanə Fərhadqızı