Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Hüseynbala oğlu Allahyarovun son döyüşü Şuşa şəhəri uğrunda olub və noyabr ayının 1-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və 2016-cı ildən Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin bir sıra yaşayış məntəqələrimizin azad olunmasında qəhrəmanlıq göstərib. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib. Oktyabr ayının 20-də baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızıb, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib.

Şahin Allahyarov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı