Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur.
Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2008-ci illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi bitirmişdir. 2012-2013-cü illərdə “N” saylı hərbi hissədə xidmət etmişdir. 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına Şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra iki medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsaəsn “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Pərvanə Fərhadqızı










