Sağlam qidalanmanın əsasını təşkil edən meyvə, tərəvəz və tam taxıl məhsulları ilə bağlı aparılan yeni araşdırma gözlənilməz nəticə ortaya qoyub. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bu qidaların 50 yaşdan aşağı, siqaret çəkməyən insanlarda ağciyər xərçəngi riski ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, xüsusilə sağlam qidalanan gənc insanların ağciyər xərçənginə tutulması ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb. Alimlər bu ehtimalı kənd təsərrüfatında istifadə olunan pestisidlərin – bitkiləri zərərvericilərdən, alaq otlarından və göbələklərdən qorumaq üçün tətbiq edilən kimyəvi maddələrin təsiri ilə əlaqələndirirlər.

Tədqiqatın rəhbəri, Cənubi Kaliforniya Universitetinin ağciyər xərçəngi üzrə mütəxəssisi doktor Xorxe Nieva bildirib ki, araşdırma zamanı 50 yaşadək ağciyər xərçəngi diaqnozu qoyulmuş 187 nəfərin məlumatları, qidalanma vərdişləri və siqaret tarixçəsi təhlil edilib.

Mütəxəssislərin fikrincə, kütləvi istehsal olunan meyvə, tərəvəz və tam taxıl məhsullarında pestisid qalıqları digər bəzi qida məhsulları ilə müqayisədə daha çox ola bilər. Bu kimyəvi maddələrin hüceyrələrin DNT-sinə zərər vurması, hormonal tarazlığı pozması və iltihabi proseslərə səbəb olması xərçəng riskini artıra bilən amillər sırasındadır.

Araşdırmada kənd təsərrüfatında pestisidlərlə təmasda olan işçilər arasında ağciyər xərçənginin daha yüksək göstəricilərinə də diqqət çəkilib.

Böyük Britaniyada hər il təxminən 48 min insana ağciyər xərçəngi diaqnozu qoyulur. Xəstəliyin əsas səbəbi siqaret çəkmək olsa da, hazırda bu diaqnoz qoyulan insanların təxminən 20 faizi heç vaxt siqaret istifadə etməyən şəxslərdir.

Qeyd edək ki, araşdırmanın nəticələri meyvə və tərəvəzin birbaşa xərçəngə səbəb olduğunu sübut etmir. Alimlər əldə olunan nəticələrin əlavə və daha geniş tədqiqatlarla yoxlanılmasının vacibliyini vurğulayırlar.