Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevlə keçirilən görüşü müsbət qiymətləndirib.
Elşad Məmmədov bu barədə QHT.az-a açıqlamasında bildirib
İctimai Şura sədri bildirib ki, görüş zamanı Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran hədəflər barədə ətraflı məlumat təqdim olunub.
Onun sözlərinə görə, müzakirələr zamanı tibbi xidmətlərin əlçatanlığının artırılması, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi və mövcud xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı İctimai Şura üzvlərinin fikir və təklifləri dinlənilib.
“Fikrimcə, qurumun effektiv fəaliyyəti nəticəsində əldə olunan müsbət nəticələr danılmazdır. Eyni zamanda, qurum rəhbərliyinin ictimaiyyət nümayəndələri və ekspertlərlə konstruktiv müzakirələrə, fikir mübadiləsinə hazır olması təqdirəlayiqdir”, – deyə Elşad Məmmədov vurğulayıb.
İctimai Şura sədri belə görüşlərin dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında dialoq baxımından əhəmiyyətini qeyd edərək, görüşə dəvətə görə Agentliyin rəhbərliyinə təşəkkürünü bildirib.







