Azərbaycan xalqının zəngin mədəni irsində xalçaçılıq sənəti xüsusi yer tutur. Əsrlər boyu nəsildən-nəslə ötürülən xalça naxışları yalnız dekorativ elementlər deyil, həm də xalqımızın dünyagörüşünü, fəlsəfi düşüncəsini, mənəvi dəyərlərini və tarixi yaddaşını özündə yaşadan rəmzlərdir. Hər bir naxışın, hər bir xəttin və kompozisiyanın arxasında dərin məna dayanır.

Qədim xalça nümunələrinin araşdırılması göstərir ki, onların quruluşunda istifadə olunan həndəsi fiqurlar və simvollar müəyyən ideyaların ifadəsinə xidmət edir. Bu baxımdan “sütun” elementi xüsusi maraq doğurur. Memarlıqda dayaq və möhkəmliyin rəmzi olan sütun xalça kompozisiyalarında da mühüm yer tutur. Bəzi nümunələrdə şaquli xətlər şəklində, digərlərində isə müxtəlif naxış qruplarının tərkibində təsvir edilərək kompozisiyanın əsasını təşkil edir.

Tədqiq olunan nümunələr arasında “Qaba ağac” motivi də diqqəti cəlb edir. Bu motivin təsviri və mənası qədim insanların təbiətə münasibəti, həyat və varlıq haqqında təsəvvürləri ilə əlaqələndirilir. Sonrakı dövrlərdə bu obrazın daha da inkişaf edərək ağac formalı xalça kompozisiyalarında öz əksini tapması ənənələrin zamanla dəyişərək yaşadığını göstərir.

Şirvan xalçaçılıq məktəbinə aid “Məkkə-Mədinə” adlı xalçalarda isə dini və memarlıq motivlərinin vəhdəti müşahidə olunur. Bu nümunələrdə məscid təsvirləri, sütun elementləri və həndəsi naxışlar vahid kompozisiya daxilində birləşir. Burada tam və hissə arasındakı əlaqə, elementlərin qarşılıqlı uyğunluğu xalçanın həm estetik, həm də məna baxımından zənginliyini formalaşdırır.

Qədim naxışların öyrənilməsi Azərbaycan dekorativ-tətbiqi sənətinin fəlsəfi əsaslarını daha dərindən anlamağa imkan verir. Xalça sənətində forma, məzmun, simvol və kompozisiya bir-birini tamamlayaraq bütöv bir bədii düşüncə sistemi yaradır. Bu irsin tədqiqi və gələcək nəsillərə çatdırılması milli mədəniyyətimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

İnanıram ki, qədim xalçalarımızın sirrini araşdırmaq keçmişimizi daha yaxşı tanımaq, milli kimliyimizi dərk etmək və mədəni irsimizə sahib çıxmaq deməkdir. Çünki hər bir qədim naxış xalqımızın tarixindən gələcəyə uzanan mənəvi bir izdir.

“Zirvə Ziyalılar” təşkilatı İctimai Birliyinin sədri Minayə Feyzullayeva