Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, “Modern İnkişaf və Ailə” İB, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı ilə birgə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüquqi maarifləndirmə istiqamətində tədbir keçirdi.
QHT.az xəbər verir ki, baş tutan görüşdə, hökümət və qeyri hökümət qurumlarının rəsmiləri və nümayəndələri, şəhid ailələri, vətən müharibəsi qaziləri və iştirakçıları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, vəkil Vüsal Səfərov, Əfqan Hüseynov, Nərmin Əliyeva, Gülnar Həsənova, Aytən Quliyeva və qonaqlar iştirak etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhid ailələri və vətən müharibəsi əlilləri ilə keçirilən görüşdə hüquqi maarifləndirmə istiqamətində diskussiyalar, müzakirələr aparıldı, çıxışlar dinlənildi.
Tədbiri açıq elan edən “Modern İnkişaf və Ailə” İB-sədri Zərifə Quliyeva şəhid ailələri və vətən müharibəsi əlillərinin hüquqlarının tənzimlənməsi istiqamətində keçirilən belə görüşlərin davamlı olacağını bildirdi. Həmçinin Zərifə Quliyeva qeyd etdi ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, vətən, torpaq uğrunda sağlamlığını itirən qazilərimizə diqqət və qayğısı hər zaman yüksək olub. "Hamımız siz qazilərin, şəhidlərimizin və ordumuzun digər mənsublarının sayəsində üstündə başı uca gəzdiyimiz bu torpağın övladlarıyıq. Qədir bilən xalqımız 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizin xatirəsini daima əziz tutur, qazilərimizin göstərdikləri fədakarlıqları unutmur. Müharibənin ağrı-acısını talelərində yaşadan qazilərimiz cəmiyyətdə fəal, gələcək nəsillərə örnək olmalıdırlar. Onların döyüş xatirələri əsasında kitablar, bədii və sənədli əsərlər yazılacaq, filmlər çəkiləcək".
Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət siyasətində əsas vəzifələrdən biri olduğunu qeyd edərək bu istiqamətə yönələn yüksək diqqət və qayğıdan danışdı: "Bu gün cəmiyyətimizdə sağlam ruhlu, düşüncəli gənc nəsil yetişir və yetişəcəkdir. Həmin gənc nəsil ki, bir an belə düşünmədən canlarını fəda etdi, sağlamlıqlarını vətənə qurban verdi. Bu gün dövlətimizin prioritet məsələlərindən biri şəhid ailələri və qazilərimizə yüksək diqqət və qayğının göstərilməsidir”.
Təşkilat rəhbərliyi tərəfindən qeyd olundi ki, hüquqşünaslar tərəfindən şəhid ailələrinin, vətən müharibəsi qazilərinin müxtəlif mövzularla bağlı sualları, və problemləri aidiyyatı qurumlara yönləndiriləcək. "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini qeyd etdi. O, şəhid ailələri və qazilərlə bağlı xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısının alınması üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə dinləmələr həyata keçirməyi, onların qayğı və problemlərinin aidiyyəti dövlət qurumları üzrə həllində hüquqi maarifləndirməni məqsədə uyğun hesab etdiyini dedi.
“Dayaq” təşkilatı hüquq departament rəhbəri vəkil Vüsal Səfərov şəhidlərimizin ailələri, vətən müharibəsi iştirakçıları və qazilərinə, ödənişsiz hüquqi xidmət istiqamətdə işlərin davamlı olacağını, o, cümlədən görüşdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının digər üzvləri, vəkillər və hüquqşünaslar hüquqi dinləmədə fəal iştirak edərək Vətən müharibəsi iştirakçılarının maariflənməsinə daima dəstək olacaqlarını bildirdi.
Tədbir təşkilatçılarının birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi maarifləndirici görüşü keçirməkdə əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir.










