1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.

QHT.az-ın araşdırmalarına görə, 59 saylı Quba seçki dairəsi üzrə "Xınalıq" Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Yusif Abayev də namizədliyini irəli sürüb.

1980-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olan Yusif Abayev, Milli Aviasiya Akademiyasının “Menecment” ixtisasını fərqlənmə diplomu ilə bitirib. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun dissertantıdır və ADPU-nun Quba filialının şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda, "Xınalıq" Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədridir. Yusif Abayev 8 sosial layihənin və 30-dan çox yerli və beynəlxalq məqalənin müəllifidir.

Yusif Abayevin seçki platforması aşağıdakı əsas istiqamətləri əhatə edir:

  1. Regionlarda vətəndaşların maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə proqramlar hazırlamaq və onların icrasına dəstək vermək.
  2. Şəhid ailələri, qazilər və veteranlarla fərdi iş planı əsasında çalışaraq onların müraciətlərini dinləmək və problemlərinin həllinə dəstək olmaq.
  3. Qadınlar və gənclər üçün özünəməşğulluq proqramları vasitəsilə əmək məşğuliyyətini artırmaq və bu sahədə yardımçı olmaq.
  4. Əhalinin gəlirlərini artırmaq üçün alternativ yollar tapmaq və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək vermək.
  5. Vətəndaşların ərizə, şikayət, müraciət və təkliflərini dinləyərək müvafiq dövlət qurumlarına çatdırmaq və problemlərin həllinə kömək etmək.
  6. Ayda iki dəfə vətəndaşları qəbul etmək və hər ay yerlərdə onların iştirakı ilə problemlərin həlli üçün təkliflər hazırlamaq.
  7. Sosial və iqtisadi problemlərin həlli üçün yerli icra hakimiyyəti və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmək.
  8. Sosial həssas ailələr üçün icra olunan dövlət proqramlarından hər bir vətəndaşın faydalanmasını təmin etmək və qanunvericilik aktlarının yenidən işlənməsinə kömək etmək.
  9. Təhsilin keyfiyyətinin artırılması və insanların sağlamlığının qorunması üçün dövlət proqramlarının icrasına dəstək vermək.
  10. Dövlət siyasətini dəstəkləmək, dövlətə, vətənə, millətə və xalqa şərəflə xidmət etmək.