15 avqust 2024-cü il tarixində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti qrant layihəsinin qalibi olan "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid və qazi övladları üçün əyləncəli idman yarışması Quba İdman Olimpiya Kompleksində həyata keçirildi.
QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirin aparıcısı Nigar Mehdiyeva Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbiri açıq elan etdi. Vətən uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə daha sonra QHT sədri Tünzalə Abduləlimova çıxış edərək, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə hər zaman onların yanında olduğu üçün təşəkkürünü bildirdi. O, həmçinin tədbirin keçirilməsi üçün şərait yaradan Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf müəllimə və tədbirdə iştirak edən Quba İcra Hakimiyyətinin nümayəndəsi Şirinov Asəf müəllimə də minnətdarlığını ifadə etdi. Tünzalə xanım şəhid və qazi övladlarına can sağlığı və uğurlar arzulayaraq, hər zaman onların yanında olacağını vurğuladı.
Daha sonra söz Quba İcra Hakimiyyətinin nümayəndəsi Asəf Şirinova verildi. O da öz çıxışında şəhid və qazi övladlarına can sağlığı və uğurlar dilədi. Növbəti çıxışı isə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov etdi. Nəcəf müəllim də şəhid ailələrinə, qazilərə və onların övladlarına Allahdan can sağlığı, səbr və dözüm diləyərək, Tünzalə xanıma bu cür tədbirləri təşkil etdiyi üçün təşəkkür etdi və hər zaman onun yanında olduğunu bildirdi.
Daha sonra yarışma başladı. Yarışmanı idmançı Kamran müəllim idarə etdi. Uşaqlar əyləncəli idman növləri üzrə yarışaraq böyük sevinc və ruh yüksəkliyi ilə yarışdılar. Qaliblər idman müəllimi tərəfindən qeydə alındı və mükafatlandırıldı. Tədbirdə iştirak edən bütün şəhid və qazi övladlarına xüsusi geyimlər və hədiyyələr təqdim olundu. Sonda isə şəhid və qazi övladları yemək süfrəsinə dəvət olundu.










