Cənubi Koreyanın texnologiya nəhəngi Samsung smartfonlarında əsas süni intellekt funksiyalarını pulsuz təqdim edəcək.

Şirkətin yenilənmiş istifadəçi razılaşmasına əsasən, Galaxy AI sistemi daxilindəki əsas funksiyalar istifadəçilər üçün ödənişsiz olacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, Galaxy AI çərçivəsində təqdim olunan əsas süni intellekt imkanları üçün abunə və ya əlavə ödəniş tətbiq edilməyəcək. Bu isə istifadəçilərin gündəlik funksiyalardan sərbəst şəkildə yararlanmasına imkan yaradacaq.

Qeyd edək ki, Samsung bu texnologiyanı ilk dəfə Galaxy S24 seriyası ilə birlikdə təqdim edib. Galaxy AI real vaxtda zəng tərcüməsi, süni intellektlə şəkil redaktəsi, mətn generasiyası və qeydlərin xülasələndirilməsi kimi funksiyalar təklif edir.

Mütəxəssislərin fikrincə, bu addım şirkətə rəqibləri qarşısında üstünlük qazandıra bilər. Belə ki, bir çox texnologiya şirkətləri süni intellekt xidmətlərini ödənişli modelə keçirməyə çalışdığı halda, Samsung-un bu qərarı istifadəçilər arasında AI funksiyalarının daha geniş yayılmasına səbəb ola bilər.

Bundan əlavə, şirkətin gələcək proqram yeniləmələri vasitəsilə Galaxy AI imkanlarını əlavə ödənişsiz şəkildə daha da genişləndirəcəyi gözlənilir.

Zəhra Ağayeva