Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Ordumuzun tam nəzarətinə keçdi.

Dördgünlük Aprel döyüşləri 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevincini yaşatdı və torpaqların hərbi yolla azad olunmasına inamı daha da möhkəmləndirdi. Bu döyüşlər Azərbaycan xalqının yenilməzliyinin və Silahlı Qüvvələrimizin gücünün bariz nümayişinə çevrildi.

Aprel döyüşləri sonrakı mərhələdə əldə ediləcək böyük Zəfərin başlanğıcı kimi qiymətləndirilir. Məhz bu qələbə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi uğurların və Şuşa zirvəsinin fəthinin ideoloji və hərbi əsasını formalaşdırdı.

Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Axundova qeyd edir ki, bu qələbə xalqın ruhunu dirçəldərək gələcək böyük Zəfərin əsasını qoydu və gənc nəslə qəhrəmanlıq nümunəsi göstərdi.

2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu Ağdərəni, Xocalını və Xankəndini işğaldan azad edərək ölkənin dövlət suverenliyini tam bərpa etdi. Bu proses Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu yolda Azərbaycan çoxsaylı şəhidlər verdi. Şəhid ailələri bu ağrını qürurla daşıyır, eyni zamanda qələbənin sevincini yaşayırlar. Gənc nəslə qəhrəmanlığın, vətən sevgisinin və fədakarlığın nə demək olduğu aşılanır.

Gənclər şəhidlərimizi daim ehtiramla yad etməli, onların bizə bəxş etdiyi müstəqil və suveren Azərbaycanın qədrini bilməlidirlər. Vətəni qorumaq, onu ləyaqətlə təmsil etmək hər bir vətəndaşın müqəddəs borcudur. Şəhid ailələrinə hörmət isə bu dəyərlərin ayrılmaz hissəsidir.

Zəhra Ağayeva