Alimlər Ayın kraterlərindən birində lazer sistemi qurmağı təklif edirlər. Bu texnologiya gələcək Ay missiyalarının qaranlıq şəraitdə daha təhlükəsiz eniş etməsinə və səthdə yüksək dəqiqliklə hərəkət etməsinə imkan verə bilər.
Layihəyə əsasən, Ayın daim kölgədə qalan kraterlərində yerləşdiriləcək bu sistem eyni zamanda Yer üzündə vaxtın ölçülməsində də inqilabi dəyişikliklərə səbəb ola bilər. Bu ərazilər son dərəcə soyuq və sabit mühitə malik olduğu üçün yüksək dəqiqlikli cihazlar üçün ideal hesab olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar Ayda “master saat” funksiyasını yerinə yetirəcək lazer sistemi qurmağı planlaşdırırlar. Layihə çərçivəsində ultra-təmiz silisiumdan hazırlanmış kriogen lazer istifadə olunacaq və bu sistemin maksimal dəqiqliklə işləməsi üçün temperaturun -257°C səviyyəsində saxlanılması nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu lazer Ay orbitindəki peyklərlə əlaqə quraraq bir növ “Ay GPS sistemi” formalaşdıra bilər. Bu isə xüsusilə Günəş işığı düşməyən kraterlərdə işləyən astronavtlar və robotlar üçün mühüm naviqasiya dəstəyi olacaq.
Layihə hələ konsept mərhələsində olsa da, onun həyata keçirilməsi həm kosmik tədqiqatlarda, həm də Yer üzündə rabitə, naviqasiya və elmi ölçmələrin daha dəqiq aparılmasında mühüm rol oynaya bilər. Eyni zamanda bu sistem müxtəlif cazibə şəraitində zamanın necə dəyişdiyini araşdırmaq üçün yeni imkanlar yarada bilər.
Zəhra Ağayeva












